Xətaidəki yanğınla bağlı TƏBİB-dən AÇIQLAMA: Dörd nəfər xəstəxanaya yerləşdirilib – YENİLƏNİB + FOTO/VİDEO


Xətai rayonunda baş verən yanğınla əlaqədar hadisə yerinə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb edilib.

Hadisə nəticəsində 23 (10-u kişi (2 uşaq), 13-i qadın (2 uşaq) olmaqla) nəfərdən 19-na yerində yardım edilib.

Dörd nəfər isə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə yerləşdirilib.

Onların müalicəsi davam edir.

19:37

Məlumat verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən onyeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Sözügedən yanğınla bağlı FHN növbəti dəfə açıqlama yayıb.

Qurumdan bildirilib ki, yanğın nəticəsində binanın şaxtasından keçən 60p.m elektrik kabelləri və zirzəmidə 6kv.m sahədə taxta tullantıları yanıb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı qatı tüstülənmiş binadan xüsusi təyinatlı texnikaların da tətbiqi ilə 7-si uşaq olmaqla 37 nəfər bina sakini təxliyə olunub.

Yanğın nəticəsində iki nəfər bina sakini yüngül xəsarət alıb.


17:53

Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yaşayış binasında baş verən yanğın söndürülüb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat verib. 

İlkin məlumata əsasən, yanğın 17 mərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabellərində baş verib. 

Qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən bina sakinlərinin təxliyəsi həyata keçirilib.