Bu ilə qədər müqaviləli ordu sisteminə keçid gözlənilir - ŞOK AÇIQLAMA

Qarabağ problemi artıq keçmişdə qalıb

“Getdikcə həqiqi hərbi xidmət keçənlərin sayını azaldıb, əvəzində müqaviləli, peşəkar hərbçilərə üstünlük verilməlidir”


  “Prezidentin fərmanı ilə 3 yeni hərbi kollecin yaradılması onu deməyə əsas verir ki, biz tədricən müqavilə əsaslı ordu quruculuğuna keçməliyik”. Bu sözləri Milli Məclisin ötən iclasında millət vəkili  Siyavuş Novruzov deyib. Deputat bildirib ki, pensiyaya çıxmaq üçün xidmətkeçmə yaşının artırılması dünya standartlarında var: “Müqavilə əsaslı ordu quruculuğuna keçəndə şəxs istəməsə, müqaviləni imzalamaya bilər. Hərbçilərin sosial təminatı məsələsi də həmişə diqqət mərkəzindədir".

  Azərbaycanın  tam müqaviləli ordu sisteminə keçid məsələsini şərh edən hərbi ekspert,  ehtiyatda olan polkovnik Üzeyir Cəfərli  isə “Sherg.az”a açıqlamasında deyib ki,  2025-ci ilə qədər Azərbaycanda müqaviləli ordu sisteminə keçid prosesinin həll edilməsi gözlənilir:

 “Əvvəla onu deyim ki, Siyavuş Novruzovun qeyd etdiyi kimi, 3 yeni hərbi kollecin yaradılması müqavilə əsaslı ordu quruculuğuna keçidlə bağlı deyil. Burada söhbət gizir hazırlıq kurslarının  təkmilləşdirilməsindən gedir.  Müqaviləli ordu sisteminə keçidə gəldikdə isə Azərbaycan peşəkar ordu sisteminə keçidə hazırdır. Azərbaycan artıq Qarabağ məsələsinin həllinə nail olub və belə bir vaxtda  müqaviləli ordu sisteminə keçid, o cümlədən də alternativ xidmətə keçid məsələsinin  həlli sürətləndirilməlidir. Bu məsələ uzun illərdir ki, gündəmdədir. Qarabağ məsələsi həll edilmirdi deyə, bu məsələ də açıq qalırdı. Qarabağ problemi artıq keçmişdə qalıb. Getdikcə həqiqi hərbi xidmət keçənlərin sayını azaldıb, əvəzində müqaviləli, peşəkar hərbçilərə üstünlük verilməlidir. Türkiyədə bu sistem oturuşub və effektiv ordu modeli ortadadır. Azərbaycanda da eyni sistem olmalıdır. Qeyd etdiyim kimi, prosesin 2025-ci ilə qədər  yekunlaşdırılması planlaşdırılır. Nəticənin necə olacağını isə zaman göstərəcək. Hər halda peşəkar ordu sisteminə keçid məsələsi uzanması arzuolunan deyil. Yəni 5 hərbi hissəni ixtisara salıb onun bazasında peşəkar hərbiçilərdən ibarət müqaviləli  2-3  hərbi hissə yaradılmalıdır. Bununla həm də, dövlət büdcəsinə yük salmadan  şəxsi heyətdə  peşəkarların sayını artırmış oluruq.  18 yaşına çatanlar müəyyən müddətdə hazırlıq keçəcək. Mümkündür ki, bir neçə həftə və ya ay ərzində silahla davranma və hərbə aid elementar bilgilər öyrədilsin. Peşəkar orduya getmək istəyənlər də özləri qərar verəcəklər”.
"Peşəkar orduya keçid tam başa çatandan sonra həqiqi hərbi xidmətə çağırılan ali təhsili olanlar 6 ay, digərləri isə 1 il hərbi xidmət keçməlidir".

  Hərbi ekspert Ramil Məmmədli isə qaynarinfo-ya açıqlamasında  deyib ki,  Azərbaycan Ordusu peşəkar orduya keçmək istiqamətində əsas mərhələləri artıq keçib:

 "Azərbaycan Ordusu peşəkar orduya keçməklə bağlı ilk addımı 1999-cu ildə atıb. Həmin ildə peşəkar əsasda Xüsusi Təyinatlı Qüvvələr yaradıldı. Ardınca mərhələli şəkildə Silahlı Qüvvələrin müxtəlif strukturlarında müddətdən artıq xidmət edənlər, yəni MAXE-lərin işə qəbulu bu istiqamətdə atılan növbəti addım oldu. 2013-2014-cü ildə proses daha kütləvi hal aldı. Mexanikləşdirilmiş hərbi birləşmələrin zirehli maşın komandirləri də peşəkar hərbi qulluqçulardan təşkil edildi. Növbəti dövrdə xüsusi təyinatlı qüvvələr formalaşdırıldı. Hərbi Dəniz Qüvvələrinn tərkibində dəniz piyadaları formalaşdırıldı. Ordumuz, nəhayət, 2016-cı və ardınca 2020-ci ildə peşəkar ordu birləşmələrinin döyüş qabiliyyətinin şahidi oldu. 2021-2022-ci illərdə də Silahlı Qüvvələrdə peşəkar şəxsi heyətin sayının artırılmasına başlanılıb".

  R.Məmmədlinin fikrincə, Azərbaycan Ordusunun birinci əsgərindən tutmuş sonuncusuna qədər bütünlüklə peşəkar ordu sisteminə keçməsi mümkün deyil:
 "Azərbaycan Ordusu xalq ordusudur. 18 yaşına çatanlar ölkəmizdə hərbi xidmətə çağırılır. Sonra onların içərisindən könüllü seçilən hərbi qulluqçular peşəkar hərbi qulluqçu kimi xidmətə cəlb olunur. Azərbaycan ordu formatı Amerika, Fransada olduğu kimi legioner ordu formatı deyil. Növbəti mərhələdə də çağırışçıların sayı həmişəki kimi qalacaq. Eyni zamanda növbəti mərhələdə peşəkar hərbi qulluqçuların sayı daha da artırılacaq. Hər bir azərbaycanlı Orduda xidmət etməlidir".
  Ekspert peşəkar ordunun qeyri-peşəkar ordudan fərqli məqamlarını da sadalayıb: "Peşəkar ordu sistemi Qərbdə muzdlu və legioner formatlıdır. Azərbaycanda isə bu sistem başqa cür həyata keçirilir. Gənc hərbi xidmətə gedir, ordunu sevir və bundan sonra qalaraq müxtəlif kurslar keçməklə peşəkar səviyyədə hərbçi olur. Bunun qarşılığında onlar dövlət təminatı əldə edir, maaş alır".