Dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi dəyişir.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edəcəklər:
- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 36,5
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar 48 yaş;
Qüvvədə olan qanuna əsasən isə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 37 yaş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 45 yaş müəyyən edilir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan hərbi ekspert Ədalət Verdiyev vurğulayıb ki, Milli Məclis tərəfindən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklər ordunun sayında azalmaya səbəb olmayacaq:
“Əksinə bu məsələ hərbi qulluqçuların orada daha çox xidmət etməsinə və daha yüksək məbləğədə pensiya ilə ehiyata buraxılmasına şərait yaradacaq. Digər tərəfdən bu qanun qəbul edilən tarixə qədər 17 il xidmət etmiş hərbi qulluqçulara aid edilməyəcək. Onlar istədikləri halda 20 il xidmət müddəti tamam olduqdan sonra ordu sıralarından ehtiyata buraxılacaqlar”.