Türkiyə gələcəyi yazır
“Ərdoğan hakimiyyətə gələndən sonra Türkiyənin müdafiə sənayesi sektorunda canlanma başladı”
Türkiyənin Aviasiya və Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan “ANKA-3“ pilotsuz döyüş təyyarəsi ilk uçuşunu həyata keçirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında sınaq uçuşunun görüntüsünü paylaşıb.
“TUSAŞ tərəfindən hazırlanan pilotsuz döyüş təyyarəmiz “ANKA-3” bu gün ilk uçuşunu uğurla həyata keçirdi. İnşallah, təyyarəmiz qabaqcıl texnologiyaları, dizaynı və xüsusiyyətləri ilə ölkəmizin müdafiəsinə güclü töhfə verəcək”, - deyə Ərdoğan paylaşımında vurğulayıb.
"Xəzər" Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli isə “Sherg.az”a açıqlamasında deyib ki, son 20 ildə Türkiyədə müdafiə sənayesinin inkişafı istiqamətində bir sıra mühüm addımlar atılıb:
“Bu gün Türkiyənin hərbi sənaye sektorunda əldə etdiyi uğurlar – pilotsuz uçuş aparatları və hərbi gəmi inşası sahəsində, döyüş aviasiya vasitələrinin istehsalının yaradılması istiqamətində, müasir hərbi texnologiyalar – rabitə, radiolokasiya, raket, reaktiv yayılım atəş, artilleriya sistemləri kimi yeniliklərin ortaya çıxması hərbi-sənaye kompleksinin inkişafı sahəsində görülən işlərin məntiqi nəticəsidir.
Qarşıda duran əsas plan strateji məhsulların yaradılması prosesinin həyata keçirilməsidir.
Təbii ki, yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur. Türkiyə də haqlı olaraq bu günə qədər yaradılan texnikanın daha da modernləşdirilməsi və yeniləşdirilməsi istiqamətində layihələr həyata keçirir. Bu yöndə də Amerikanın, Britaniyanın, İsrailin təcrübələrindən yararlanaraq yerli istehsal prosesini stimullaşdırır”.
Ekspertin sözlərinə görə, Türkiyədə hərbi sənaye sahəsinin inkişafında dövlətin qanunvericilik və digər istiqamətlərdəki dəstəyi danılmazdır:
“20 il əvvəl Türkiyənin müdafiə sənayesi sahəsində idxal-ixrac, istehsal prosesini həyata keçirmək istəyən şirkətlərin yaradılması olduqca çətin idi. Rəcəb Tayyib Ərdoğan isə hakimiyyətə gələndən sonra Türkiyənin müdafiə sənayesi sektorunda canlanma başladı, bir çox sənaye sahələrində yenilikçi addımlar atıldı. Özəl sektorun inkişafı üçün müəyyən addımlar atıldı, yerli hərbi şirkətlərin yaradılmasına şərait yaradıldı, qanunvericiliyə dəyişiklik edildi. Əvvəlcə idxal-ixrac funksiyasını həyata keçirən şirkətlər, sonra isə sənaye müəssisələri quruldu. Ərdoğana qədər bu cür layihələri ancaq böyük şirkətlər həyata keçirirdi. Bu gün isə BMC və TOGG kimi yeni şirkətlər də istehsal prosesinə öz töhfələrini verir. Bu gün qardaş ölkənin pilotsuz uçuş aparatları, raket, reaktiv yaylım atəş, artilleriya sistemləri kimi yeniliklərə imza atması da məhz dövlətin yeritdiyi düzgün siyasətdən qaynaqlanır”.
Türkiyənin hərbi sənayesini inkişaf etməkdə olan müdafiə sənayesi kompleksi kimi dəyərləndirən R.Məmmədlinin sözlərinə görə, dünyanın fundamental müdafiə sənayesi ölkələri ilə ayaqlaşmaq üçün qardaş ölkənin görəcəyi və görməli olduğu çox layihələr var:
“Amma bugünə qədər həyata keçirilən bütün layihələr də təqdirəlayiq haldır. Düşünürəm ki, Azərbaycanın müdafiə sənayesi də məhz Türkiyə təcrübəsindən bəhrələnməlidir. Ən əsası isə qanunvericilikdə dəyişiklik edilməli və Türkiyədə olduğu kimi bu sahə üzrə ixtisaslaşan özəl sektorun fəaliyyətinə icazə verilməlidir". Sovet dövründə Azərbaycanda müfadiə sənayesinin güclü olduğunu xatırladan ekspert deyib ki, təcrübəli alimlərin fəaliyyəti stimullaşdırılmalı və müdafiə sənayesini dəstəkləyən digər sahələrin inkişafına da şərait yaradılmalıdır”.