Ekspert: Hərbi xərclərin azaldılması tam anlaşılan addımdır

İndi biz daha çox vəsaiti erməni vandallarının törətdikləri vəhşiliklərin nəticələrini aradan qaldırmağa xərcləyəcəyik


  "Ermənistanın hələ də silahlanmaya üstünlük verməsinə rəğmən Azərbaycan 2025-ci ildə hərbi xərclərini 468.0 milyon manat (275.2 milyon dollar) azaldaraq bərpa və inkişafa əhəmiyyətli vəsait ayırmaqda davam edəcək". Bu sözlər millət vəkili Vüqar Bayramova məxsusdur. Milli Məclisin deputatı sosial media hesabında 
qeyd edib ki, Ermənistanın 30 illik işğal müddətində tamamilə dağıdıb xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzurun qurulmasına isə Azərbaycanın dövlət büdcəsindən gələn il 4.0 milyard manat (2.352 milyard dollar) ayrılacaq. 
Bu, işğaldan azad olunan ərazilərimizdə intensiv quruculuğun davam edəcəyini bir daha təsdiq edir. Bu, həmçinin Azərbaycanın zəfəri ilə regionda formalaşmış yeni düzənin daha da möhkəmlənməsi anlamına gəlir.
 
 İqtisad elmləri doktoru, professor Fikrət Yusifov isə “Sherg.az"a açıqlamasında deyib ki, gələn ilin dövlət büdcəsində hərbi xərclərin müəyyən qədər azaldılması, Qarabağ torpaqlarımızın işğaldan tam azad edilməsindən sonra anlaşılan addımdır:

 “İndi biz daha çox vəsaiti erməni vandallarının otuz il ərzində işğal altında saxladıqları torpaqlarda törətdikləri vəhşiliklərin nəticələrini aradan qaldırmağa xərcləməyə məhkumuq. İşğaldan azad etdiyimiz torpaqlarda məskunlaşmanı başa çatdırmaq üçün yeni yaşayış məntəqələri salınmalı, yollar və digər kommunikasiyalar qurulub yaradılmalı, yeni iş yerləri açılmalıdır. Bu işləri görmək üçün külli məbləğdə maliyyə vəsaitləri tələb olunur. Hesab edirəm ki, hərbi xərclərin azaldılması hesabına sərbəstləşə biləcək vəsaitlər bilavasitə dediyimiz təyinata sərf ediləcəkdir...”.