Pakistanla 1.6 milyard dollarlıq müqavilə imzalanıb
Prezident İlham Əliyev sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olub. Müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlət başçısına sərgilər haqqında məlumat veriblər. İlk “ADEX” sərgisi 2014-cü ildə keçirilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkətləri və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30 mindən çox qonaq ziyarət edib. Beşinci dəfə təşkil olunan “ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişidir. “ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün səmərəli platforma rolunu oynayır. “ADEX” dünyanın tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında da mühüm rol oynayır. Bildirilib ki, bu il yubiley sərgisində daha çox - dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq şirkət iştirak edir. Sərgi Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” və onun beynəlxalq tərəfdaşı “Caspian Event Management” şirkətidir. Qeyd edilib ki, “ADEX” müdafiə sərgisinin iştirakçıları arasında Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, İran, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorlarının aparıcı şirkətləri var. Macarıstan, Rumıniya və Sinqapurdan olan şirkətlər sərgiyə ilk dəfə qatılıb. Bu il 12 ölkə sərgidə milli stendləri ilə iştirak edir. İtaliya, Macarıstan, Qətər Dövləti və Slovakiya ilk dəfə milli stendlərlə iştirak edirlər. Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini böyüdüblər. Prezident İlham Əliyev əvvəlcə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin pavilyonunda nümayiş etdirilən hərbi məmulatlara baxdı. “Azərsilah”a məxsus pavilyonda PUA, müxtəlif növ kəşfiyyat və kamikadze dronları, 30 millimetrlik avtomatik top, zirehli gödəkcələr, aviabombalar və təlim simulyatorları nümayiş etdirilir. Belarus Respublikasının pavilyonu ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, “Belspetsvneştexnika” Dövlət Xarici Ticarət Unitar Müəssisəsi Belarus Hərbi Sənaye Kompleksinə daxil olan dövlət müəssisələri tərəfindən istehsal edilən hərbi təyinatlı məhsulların idxalı və ixracı proseslərini tənzimləyən dövlət təşkilatıdır.
Qardaş Türkiyə sərgidə ən çox şirkətlərlə təmsil olunan ölkələrdən biridir. Bu şirkətlərdən biri olan “Roketsan” 1988-ci ildə qurulub. Şirkət müxtəlif növ raketlər, reaktiv silahlar, atış və hərəkət sistemləri ilə birlikdə idarə olunan döyüş sursatları, istiqamətləndirmə-idarəetmə sistemləri, döyüş başlıqları, mexaniki hissələr, alqoritm və proqram təminatını hazırlayır və istehsal edir, onları quru, hava və dəniz platformaları ilə birləşdirir. Eyni zamanda şirkət bu sistemlərə maddi-texniki dəstək verir, raket yanacağı istehsal edir, ballistik mühafizə layihələri hazırlayır və həyata keçirir, eləcə də öz müəssisələrində kosmik raketləri işləyib hazırlayır.
Dövlət başçısı Pakistan pavilyonları ilə də tanış oldu. Bildirildi ki, ölkəmizlə əməkdaşlıq edən Pakistanda istehsal olunan hərbi məhsullar hərbi sənaye kompleksinin bütün istiqamətlərini əhatə edir. Bildirildi ki, Qlobal Sənaye və Müdafiə Həlləri (GIDS) şirkəti Pakistanın birinci dərəcəli dövlət mülkiyyətində olan müdafiə konsorsiumudur və ölkənin ən böyük müdafiə istehsalatı müəssisələrini, o cümlədən əsas tədqiqat və inkişaf fəaliyyətlərinin mərkəzini təmsil edir. Şirkət tərəfindən sərgidə döyüş PUA-ları, aviasiya raketləri, tank mühafizə sistemləri, maskalanma toru, tank əleyhinə sistemlər nümayiş olunur. “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti sərgidə fəal iştirak edir. “Azərsilah”ın daha bir pavilyonu sərginin 3-cü zalında fəaliyyət göstərir. Burada ziyarətçilərə müxtəlif növ atıcı silahlar, snayper tüfəngləri, minaatanlar, kiçikçaplı patronlar, müxtəlif növ mərmilər, zirehli dəbilqə və zirehli gödəkcələr, optik nişangah və cihazlar təqdim olunur. Türkiyənin müdafiə sənayesini sərgidə təmsil edən daha bir şirkət isə “REPKON”dur. Şirkət təzyiq ilə metal emalı sektoru üçün tam “açar təslim” istehsal qurğularının tədarükçüsü və qlobal bazar üçün metal emalı maşınlarının inkişaf etdiricisi və istehsalçısıdır. Patentli dizaynı və istehsal “know-how” ilə “REPKON”, 1978-ci ildən etibarən dünya üzrə istehsalçılara metal qəlibləmə avadanlığı təqdim edir.
“ADEX” sərgisində iştirak edən Türkiyənin “Meteksan” şirkəti yüksək texnologiyalı şirkətlərin müdafiə sənayesinə yönəlik layihə və fəaliyyətlərini bir araya gətirmək və koordinasiya etmək məqsədilə yaradılıb. Şirkətin əsas məqsədi müdafiə sənayesi sahəsində Türkiyə Silahlı Qüvvələrinə və digər təhlükəsizlik güclərinə yerli, milli, müstəqil və orijinal, yüksək texnologiyalı məhsul və altsistemlər inkişaf etdirmək və istehsal etməkdir. Sərgidə İsrailin “Uvision” şirkəti də öz məhsullarını təqdim edir. Şirkət döyüşlərdə sınaqdan keçmiş “Dövr edən döyüş başlığı sistemləri”ni dizayn və istehsal edir, dünyanın müxtəlif ordularına dəqiq və effektiv hücum-əməliyyat imkanları təqdim edir. Şirkətin HERO sistemləri nadir aerodinamik platforma konfiqurasiyaları ilə yüksək dəqiqlikli zərbə qabiliyyətləri təqdim edir. Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin stendində də oldu. Bildirildi ki, Müdafiə Nazirliyi sərgidə ilk dəfə öz stendi ilə təmsil olunur. Stenddə silahlanmada olan müasir silah sistemləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələrin təchizat vasitələri sərgilənir. Eyni zamanda Müdafiə Nazirliyinin tabeliyində olan təmir müəssisələrinin imkanları da təqdim edilir. Sərgidə, həmçinin ziyarətçilərə Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri barədə ətraflı məlumat verilir. Sonra Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzinin qarşısında nümayiş etdirilən hərbi məhsullara və texnikalara baxdı. “Azərsilah” QSC tərəfindən sərginin açıq havada nəzərdə tutulmuş ərazisində zirehli maşınlar, kəşfiyyat və kamikadze dronları, o cümlədən PUA-lar nümayiş etdirilir. İtaliya da sərgidə ilk dəfə iştirak edir. Prezidentə Pakistan Aviasiya Kompleksi və "Chengdu" Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub. Bu təyyarələr artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib. Müdafiə naziri dövlət başçısına təyyarələrin taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları və digər göstəriciləri barədə məlumat verib. Bildirilib ki, JF-17C (Block-III) birmühərrikli çoxməqsədli döyüş təyyarəsidir. Təyyarə hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir. Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda ordu quruculuğu geniş vüsət alıb. Xüsusilə Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub, Silahlı Qüvvələrimizin müasir dövrün çağırışları əsasında komplektləşdirilməsi işləri uğurla davam etdirilir.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Elxan Şıxalıyev "Sherg.az"a deyib ki, Bakıda keçirilən “ADEX-2024” sərgisində Pakistan istehsalı olan JF-17C döyüş təyyarələri də nümayiş etdirildi. Ekspertin sözlərinə görə, Azərbaycan silahlı qüvvələrinin Aviasiya Parkının yenilənməsində əsas prioritetlərindən biri döyüş təyyarələrinin silahlanmamıza daxil edilməsidir:
"Bununla bağlı Azərbaycan-Pakistan arasında 1.6 milyard dollar həcmində müqavilə imzalanıb. Növbəti mərhələdə döyüş təyyarələri parkımızda əsas prioritet JF-17C təyyarələri olacaq. Bu təyyarələrin taktiki texniki xüsusiyyətləri incələndikdə görürük ki, öz sinfində döyüş təyyarələri ilə rəqabət etmək gücündədir. Bir nəfər ekipajdan ibarətdir. Uzunluğu 14,3 metr, hündürlüyü 4.6 metrdir. 1910 km.saat sürətlə hərəkət etmək qabiliyyətinə malikdir və havada yanacaqla doldurula bilir. Perimetr-radius üzərindən 200 km. məsafədə hədəfləri aşkar edə bilir. 3482 km.dək bir dəfəyə uçuş həyata keçirə bilir. 13.5 ton yük götürə bildiyi üçün üzərində kifayət qədər hava-hava və hava-yer tipli raketlərin daşınması mümkün olur. Bu da onların uçan tank sinfinə aid olmasını əsaslandırır. Düşünürəm ki, çox uğurlu bir seçimdir. Döyüş təyyarələri adətən hansı ölkəyə ixrac edilirsə, məxfi sistemlərin idarəetməsi, kəşfiyyat bazasında məlumatların qorunması da mühüm məsələ kimi əsas götürülür. Onların raket sistemlərinin komplektləşdirilməsinin davamlı olması da əsas prioritet məsələlərdəndir. JF-17C təyyarələri Azərbaycanın hərbi gücünə fərqli bir güc qatacaq".