Xüsusən telekanallar mətbuatın bu sahəsinə diqqəti gücləndirməlidir
Elşən Məmmədov: "İdman jurnalistikasının zəifliyinin bir səbəbi də əksər ictimai-siyasi KİV, hətta telekanal rəhbərlərinin idmana ciddi yanaşmamasıdır"
1924-cü il iyulun 2-də Paris Yay Olimpiya Oyunları zamanı Beynəlxalq İdman Mətbuatı Assosiasiyası təsis olunub. 29 milli assosiasiyanın iştirakı ilə qurumun ilk konqresi keçirilib. Ona görə də hər il iyulun 2-si dünyada İdman Jurnalistikası Günü kimi qeyd olunur. Hazırda Assosiasiyanın 4 kontinental qurumunda 130-dan çox dövlətin milli idman mediası birləşib. 2 iyul günü idman jurnalistlərinin milli assosiasiyaları təntənəli yığıncaqlar keçirirlər. Eyni zamanda idman sahəsində kütləvi informasiya vasitələrinin ən yaxşı nümayəndələrinə mükafatlar təqdim edilir. Məlumat üçün bildirək ki, 2014-cü il aprelin 27-dən mayın 1-dək Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresi keçirilib.
Bakı konqresi təşkilatın 90 illik yubileyi ilə eyni vaxta təsadüf edib. Yəni beynəlxalq təşkilatın yubiley mərasimi konqres çərçivəsində paytaxtımızda təşkil olunub. Ümumiyyətlə, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası qurumun fəal üzvlərindəndir. 2 iyul təkcə Azərbaycan yox, bütün dünya idman jurnalistləri üçün rəmzi bir gündür. Ancaq bizdə idman jurnalistlərinin bu əlamətdar günü onların peşə bayramı şəklində qeyd edilmir.
Azərbaycanın idman mediasında jurnalistikamızın digər sahələrində olduğu kimi problemlər olsa da, ümumən bu sahədə vəziyyətin qənaətbəxş olduğu söylənilir. İdman jurnalistikasında kifayət qədər peşəkarların çalışdığı da vurğulanır. Müəyyən mənada idman jurnalistikasının cəlbediciliyi də var. Ən azından beynəlxalq idman jurnalistləri günündə ölkəmizdə idman yazarlarının yada salınması müsbət haldır. Azərbaycanda idman jurnalistikasının durumunu dəyərləndirən ekspertlərin fikrincə, bu sahənin inkişafı ölkədə müxtəlif idman sahələrinin populyarlıq qazanması ilə bağlıdır. Yəni idmanın tərəqqisi paralel olaraq idman jurnalistikasının da dirçəlməsinə gətirib çıxarır. Əgər Azərbaycan idmanı inkişaf etməzsə, idman mediası da genişlənə bilməz. İndiyə qədər ölkəmizdə keçirilən beynəlxalq idman turnirlərinin, o cümlədən Avropa və İslam Oyunlarının operativ şəkildə tamaşaçıların və oxucuların nəzərinə çatdırılmasında idman jurnalistlərinin böyük əməyi olub. Bir məqamı da xatırladaq ki, internet saytları meydana çıxana qədər Azərbaycanda 11 idman qəzeti fəaliyyət göstərib. Həmin mətbu orqanlarda Azərbaycan və rus dillərində yazan bir neçə peşəkar idman jurnalistləri çalışıb. Vaxtı ilə çox populyar olan nəşrlərin bir çoxu maddi çatışmazlıq üzündən öz çapını dayandırmaq məcburiyyətində qalıb.
Mətbuatın önəmli qollarından sayılan idman jurnalistikası ayrı-ayrı ölkələrdə xüsusi sahə kimi inkişaf yolunu tutub. Azərbaycanda hələlik bununla bağlı müəyyən problemlər qalmaqdadır. Lakin müəyyən çatışmazlıqlara rəğmən son dövrlər Azərbaycan idman mətbuatında tərəqqi hiss olunmaqdadır. İdmanla bağlı xüsusi qəzetlər, jurnallar, portallar və TV-lər fəaliyyət göstərir. İdman jurnalistikası da ayrıca ixtisas kimi tədris olunur. Yəni əhalinin sayına və idmanın səviyyəsinə görə kifayət qədər idman mətbuatı nəşr olunur. Hətta bəzi ekspertlərin fikrincə, digər jurnalistika sahələri ilə müqayisədə idman jurnalistikası xeyli öndədir.
«İdmandakı uğurlar jurnalistikanın inkişafını zərurətə çevirir»
İdman Araşdırmalar Mərkəzinin sədri və Sportnet.az saytının baş redaktoru Elşən Məmmədov hesab edir ki, idman jurnalistikasının durumunun hansı səviyyədə olduğunu bilmək üçün məsələyə bir neçə aspektdən yanaşılmalıdır:
- Azərbaycanda bu sahə peşəkarlıq və operativlik baxımından, xarici mətbuatdan çox da geri qalmır. İdman uğurları artdıqca idman jurnalistikasının da inkişafı zərurəti yaranır. Bu mənada, son illər Yay Olimpiya Oyunları, dünya və Avropa çempionatları, Avropa Oyunları, "Formula 1" kimi mötəbər yarışlarda iştirak və ya onların Bakıda keçirilməsi bu sahədə peşəkar jurnalistlərin yetişməsini şərtləndirib. Amma onlar daha çox maddi dayaqları yüksək olan telekanallarda və agentliklərdə cəmləşib.
İdman saytları isə daha çox futbol xəbərlərinə önəm verirlər. Bu isə onların əksəriyyətinin futbol klublarının reklamları sayəsində fəaliyyət göstərmələri ilə əlaqədardır. Həmin saytlar istər-istəməz həmin klub və dolayısı ilə futbolla bağlı xəbərlər, yazılar yazmaqla məşğul olurlar. Nəticədə digər növlər üzrə jurnalistlər yetişmir.
«Telekanal rəhbərlərinin idmana ciddi yanaşmaması da problemdir»
E.Məmmədovun fikrincə, idman jurnalistikasının zəifliyinin bir səbəbi də əksər ictimai-siyasi KİV, hətta telekanal rəhbərlərinin idmana ciddi yanaşmamasıdır:
- Məsələn, götürək elə mənim uzun müddət çalışdığım sevimli "Şərq" qəzetini. Sağ olun ki, idman jurnalistikası mövzusuna diqqət ayırırsınız.
Məsələn, ATV-nin əməkdaşı İlkin Fikrətoğlu ilə bağlı olayı xatırlayaq. Onun rəhbərlik etdiyi idman şöbəsinə ən geniş tamaşaçı auditoriyasına malik telekanalda axşam xəbərlərindən sonra 2-3 dəqiqəlik efir verirlər. Bu efirdə də "Onu tənqid etmə, bunu olmaz" deyə sədd çəkirlər. Əksər telekanallarda idman verilişləri yoxdur. Olanları da aparıb Zaurun, Xoşqədəmin verilişlərindən sonraya - gecəyarısına salıblar. Yəni bu ölkədə ucuz şou-biznes adamlarına, qeyri-intellektual verilişlərə maraq idmandan çoxmu böyükdür?
İdmana barmaqarası yanaşmaq dövlətin idman siyasətinə də ziddir. Cənab İlham Əliyev Azərbaycan prezidenti seçildikdən sonra bütün vəzifələrindən imtina etdi, yalnız Milli Olimpiya Komitəsinin rəhbəri kimi qaldı. Əksər federasiyaların prezidentləri isə dövlət xadimləri, imkanlı təşkilatlardır. İndi təsəvvür edin; ölkənin rəhbəri birbaşa idmana, olimpiya hərəkatına rəhbərlik edir, amma mətbuat idman jurnalistikasının inkişafına zidd addımlar atır.
«Yaxşı idman məhsulu təklif edilsə, tamaşaçı ona baxacaq»
Jurnalist sual edir «qeyri-peşəkarlar hansı sahədə yoxdur ki?» və cavab da verir:
- Əsas məsələ onları düzgün istiqamətə yönləndirməkdir. Sən "5-də 5"i irəli çəkirsənsə və "Futbol saatı"nı gecə saat 12-də efirə buraxmaqla, özünə "5" yazdıracağını düşünürsənsə, idman xəbərlərinin efir dəqiqəsini hansısa rayonda inəyin əkiz balalaması süjetinə ayırdığın vaxtdan az edirsənsə, dövlətin hansı idman siyasətinə dəstək verirsən? Bunun özü idman jurnalistikasının yox, birbaşa həmin telekanalın rəhbərliyinin qeyri-peşəkarlığı deməkdir. Bax, bu kimi amillər idman jurnalistikasının auditoriyasının genişlənməsinə mane olur. Gərək, idman nailiyyətləri ilə yanaşı, verilişlərin də sayı çox olsun ki, ilk növbədə, idmanla maraqlananlar auditoriyası formalaşsın, sonra isə həmin auditoriya, necə deyərlər, "əlavə mənbələr axtarışı"na çıxsın, hər gün qəttəzə idman xəbərləri oxumağa sayt axtarsın. Daha hərə bir tərəfdə ağlaşmağa başlamasın.
Digər tərəfdən, bayaqkı məsələyə qayıdaq: Nəyə görə bölgələrdə «Bizimləsən»ə, «Səni axtarıram»a baxa bilirlər, idmana yox?! Çünki bölgədə digər məşğuliyyət yoxdur, buna sadəcə məcburdurlar. Sən onlara yaxşı bir idman məhsulu təqdim etsən, onu da həvəslə izləyəcəklər. Bölgələrdə futbol olanda hamı stadionlara axışırdı, amma indi futbol demək olar ki, Bakıda cəmləşib, bakılıların isə o qədər əyləncəsi var ki...
Əslində idman saytlarına maliyyənin ayrılması məqsədilə AFFA yanında Media Komitəsi yaradılmışdı. Lakin bu komitə cəmi iki il fəaliyyət göstərə bildi. Səbəb isə daxili çəkişmələr, qeyri-peşəkar saytların təqdim etdikləri layihələrə vəsait ayrılması, komitənin öz işini çoxşaxəli qura bilməməsi oldu. Yaxud KİVDF hər rüb "Futbol+" qəzetinə vəsait ayırırdı. Yanvardan həmin vəsait dayandırılıb. Belə bir şəraitdə hansı idman jurnalistikasının inkişafından danışmaq olar? Yenə yaxşı ki, Gənclər və İdman Nazirliyi, AFFA və klublar hərdən jurnalistləri səfərlərə aparır, nüfuzlu yarışlarda iş təcrübəsi qazandırırlar.
«II Avropa Oyunlarında da jurnalist az idi»
Xatırladaq ki, bu il iyunun 21-dən 30-na kimi Belarusun paytaxtı Minskdə II Avropa Oyunları keçirildi. Buna qədərsə Belarus Parlamentində Oyunların təqdimatı olmuşdu. Oyunlara maraq böyük olduğundan idman yazarları hər hansı yeniliyi gözdən qaçırmırdılar. Belarus parlamentindəki tədbir bədən tərbiyəsi və idmanın inkişafı mövzusunda məlumatlandırma günü çərçivəsində gerçəkləşmişdi.
Təqdimatda II Avropa Oyunları da daxil olmaqla, 2019-cu ildə Minskdə keçiriləcək beynəlxalq yarışlara hazırlıqla bağlı məlumatlar əksini tapıb. Oyunların proqramına salınan idman növləri, yarışların təqvimi və məkanları, iştirakçıların akkreditasiyası, medalların sayı, idmançıların yaşayış və qidalanması, bilet proqramı, Oyunlar dövründə nümayəndə heyətləri və azarkeşlərin ölkəyə vizasız girişi, Oyunlar barədə ölkədə və xaricdə informasiyaların yayılması və digər məsələlərdən danışılıb.
Azərbaycandan da Oyunları izləmək üçün jurnalist heyəti Minskə akreditə olunmuşdu. İdman jurnalistikası üzrə peşəkarlaşmış Elşən Məmmədov da azərbaycanlı jurnalistlər sırasında Minskdə olub və 2-ci Avropa Oyunlarını izləyib, informasiya təminatını həyata keçirib. 2-ci Avropa Oyunlarında jurnalistlərə yaradılmış vəziyyətlə bağlı danışan E.Məmmədov şəraitin normal olduğunu dedi:
- II Avropa Oyunları heç də pis keçmədi. Belarus hökuməti mövcud imkanları daxilində əlindən gələni etdi ki, "Minsk 2019"-da heç bir problem olmasın. İdmançılar arasında rəqabət səviyyəsi çox güclü idi. Elə medallarımızın az olmasının bir səbəbi də budur.
Tamaşaçı marağı yarışlardan çox fan-zonalara idi. Jurnalistlərin sayı o qədər də çox deyildi. Qonşu Rusiya, Ukrayna, Polşadan jurnalistləri daha çox gördüm, almaniyalı, gürcüstanlı həmkarlarımızla rastlaşdım. İş şəraiti normal idi, sadəcə, Bakıdan fərqli olaraq, demək olar ki, media otağında sudan başqa hər şey pullu idi. Əlbəttə, təəssüratlar çoxdur, amma qısaca bunları ifadə etmək olar.