Sosial şəbəkələrdə paylaşılan bu görüntülər idmansevərlər tərəfindən rəğbətlə qarşılanıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Qazax rayonunda fəaliyyət göstərən güləş zallarına baş çəkib.
Zalların şəraiti ilə tanış olan federasiyanın vitse-prezidenti yeniyetmə və gənc güləşçilərə öz tövsiyyələrini verib: "Bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən bütün sahələrə olduğu kimi, idmana da yüksək diqqət və qayğı göstərilir. Sizin əsas vəzifəniz vətənə millətə xeyirli vətəndaş olmaq, gələcəyin əsgəri kimi yetişməkdir. Hər bir azərbaycanlı bayrağını, dövlətini sevməlidir. Mən inanıram ki, sizin aranızdan da gələcəyin Avropa, dünya və olimpiya çempionları yetişəcək".
F.Umudov öz güləşdiyi dövrdəki çətinliklərdən danışıb və hazırda idmançılar üçün yaradılan şəraitin dünya və Avropa standartlarına uyğun olduğunu qeyd edib: "Biz güləşən dövrdə zalımızda işıq, qaz, su yox idi. Biz şam işığında məşq edirdik. İndi bölgələrimizdə olimpiya kompleksləri inşa edilib. Belə zallar fəaliyyət göstərir. Vurğulamaq istəyirəm ki, heç bir idmançının əziyyəti yerdə qalmır. Pis vərdişlərdən uzaq olun, idman və dərslərinizlə məşğul olun".
O bildirib ki, Olimpiya, dünya və Avropa çempionu olmaq üçün tək məşq etmək yox, həm də savadlı olmaq lazımdır. Umudovun sözlərinə görə, elmli, valideynlərə, müəllimlərə hörmət edən şəxs gec-tez uğurunun bəhrəsini görür. Daha sonra Firdovsi Umudov rayondakı yeniyetmə və gənc güləşçilərdə motivasiyanı daha da yüksəltmək və idmana meyilliliyi artırmaq məqsədi ilə onlara idman geyimləri hədiyyə edib.
Həmçinin Qazax güləş məktəbinin qocamanlarından olan, respublikanın əməkdar məşqçisi, bədən tərbiyəsi və idman xadimi Ramiz Tağıyev də çıxış edərək bildirib ki, bu rayonun güləşçiləri fəxr etməlidir ki, Firdovsi Umudov kimi ölkənin tanınmış siması, idmanda ad qoymuş şəxs onlarla şəxsən görüşür, onlara məsləhətlərini verir.