Boks millimizdə ciddi itkilər: Üç idmançı DÇ-yə gedə bilməyəcək


Minskdə keçirilən Avropa Oyunlarından sonra komanda istirahətdə idi. Artıq müəyyən vaxtdır məşqlərə başlamışıq. Əsas heyətlə yanaşı, iki nömrələr də hazırlığa qatılıb. Bu da ondan irəli gəlir ki, toplanışda bir-birinə kömək etsinlər

Oxu.Az xəbər verir ki, bunu boks yığmamızın yeni baş məşqçisi Nəriman Abdullayev Bakı Boks Mərkəzində keçirilən təlim-məşq toplanışı barədə fikirlərini abf.az-a açıqlayarkən deyib.

O bildirib ki, boksçularımız mundiala yüksək əhval-ruhiyyədə hazırlaşırlar:

"Hazırlıq yüksək səviyyədə gedir və əhval-ruhiyyə qaydasındadır. Toplanış plana uyğun davam edir. Bunun üçün federasiya tərəfindən hər bir şərait yaradılıb. Boksçular dünya çempionatına yollanacaq heyətə düşmək üçün var gücləri ilə çalışırlar".

Baş məşqçi sayca 20-ci dəfə təşkil olunacaq dünya çempionatının digərlərindən fərqlənəcəyi qənaətindədir. Onun sözlərinə görə, çəki dərəcələri səkkizə endirildiyindən, mübarizə daha gərgin keçəcək:

"Bildiyiniz kimi, bu dəfə cəmi səkkiz dəst medal öz sahibini tapacaq. Çəki dərəcələrinin azalması mübarizəni daha da gərginləşdirəcək. Hər çəkidə təxminən 30-dan çox boksçunun olacağı gözlənilir".

Yarışa yollanacaq heyəti son günlərdə müəyyənləşdirəcəyini deyən N.Abdullayev bir neçə aparıcı boksçumuzun dünya çempionatından kənarda qalacağını da söyləyib:

"Komandanın hazırkı durumu yaxşıdır. Amma mundialda hər çəkidə liderlə təmsil oluna bilməyəcəyik. Əsas heyət üzvlərinin bir neçəsi zədə və xəstəlik səbəbindən dünya çempionatından kənarda qalacaq.

Bunların sırasında dünya çempionu Cavid Çələbiyev və Olimpiya mükafatçısı Kamran Şahsuvarlı da var. Həmçinin, üçqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov da bizimlə olmayacaq. O, karyerasını peşəkar boksda davam etdirəcək. Artıq müqavilə də bağlayıb. Söhbət edib, uğurlar arzuladıq".

İtkilərə baxmayaraq, baş məşqçi yarışa nikbin baxır. O bildirib ki, boksçularımız həmişə olduğu kimi, yenə yüksək yerlər uğrunda mübarizə aparacaq:

"Məqsədimiz bacardığımızın ən yaxşısını etməkdir. İnanıram ki, yarış milli üçün uğurlu alınacaq".

Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatı sentyabrın 8-21-də olacaq.