“Hazırda millimizə Rusiyada oynayan Kamran Əliyevi cəlb etmək niyyətindəyik. O bir dəfə U-21 millimizin düşərgəsində olub. Ona öz təklifimizi vermişik. Hazırda ondan cavab gözləyirik”.
Oxu.Az xəbər verir ki, bunu AFFA-nın vitse-prezidenti Elxan Məmmədov deyib.
“Onunla texniki direktor Cahangir Həsənzadə və millinin yeni seleksioneri İlqar Qurbanov maraqlanır. Yaşı artıq 22 olduğu üçün U-21 millimizdə oynaya bilməz. Razılıq versə, əsas millimizə cəlb olunacaq. Türkiyədən isə hər hansısa futbolçu ilə danışığımız olmayıb”.
Onu da bildirək ki, Kamran Əliyev hazırda Rusiya Premyer Liqasının debütantı olan “Ximki” klubunun hücumçusudur. O, Gədəbəyin molokanlar yaşayan Novoivanovka kəndində anadan olsa da, sonradan ailəsi Rusiyaya köçüb və bu ölkənin vətəndaşlığını alıb.
Elxan Məmmədov “Sabah” klubunun Danimarkanın “Vayle” klubundan millimizin futbolçusu Bəhlul Mustafazadəyə gələn təklifi geri çevirməsinə isə belə münasibət bildirib:
“Bəhlul Mustafazadənin durumu ilə bağlı biz də maraqlanmışıq. Danimarkanın “Vayle” klubunun təklifi ilə bağlı hər şey mətbuatda yazılan kimi deyil. “Sabah” klubunu da başa düşmək olar. Klubun turnir cədvəlində vəziyyəti yaxşı deyil. Ona görə də oyunçusunu saxlamaq istəyir. Biz də klubun daxili işinə qarışa bilmərik”.