Sabah Klublararası dünya çempionatına start veriləcək


Sabah Qətərdə FIFA Klublararası dünya çempionatına start veriləcək.

Pandemiya şəraitində keçirilən builki yarış bir sıra özəllikləri ilə seçilir.

"Hürriyyət"in yaydığı məlumata əsasən, yarışmanın öncə 2020-ci ilin dekabr ayında təşkil olunması planlaşdırılsa da, koronavirus səbəbindən tədbir təxirə salınıb və onun 1-11 fevral 2021-ci il tarixlərində keçirilməsi qərara alınıb. Lakin pandemiya FIFA-nı öz planlarını yenidən dəyişməyə məcbur edib.

Belə ki, əvvəlcədən nəzərdə tutulan plana əsasən, çempionatın açılış matçı fevralın 1-nə təsadüf etməli və Yeni Zelandiyanın “Ouklend Siti” komandasıyla yerli “Əl Duhail” üz-üzə gəlməli idi. Lakin birincilərin koronavirus pandemiyası səbəbindən turnirdə iştirakdan imtina etməsindən sonra Qətər komandası birbaşa ikinci tura yüksəlib və yarışmanın açılış matçı fevralın 4-nə keçirlib.

Beləliklə, Klublararası dünya çempionatı məhz sabah Meksikanın “Tigres” və Cənubi Koreyanın “Ulsan Hyundai” kollektivləri arasında keçiriləcək matçla start götürəcək.

İki komanda “Əhməd Bin Əli” stadionunda qarşılaşacaq. Günün ikinci matçı isə ikinci tur çərçivəsində keçiriləcək. Qətərin “Əl Duhail” və Misirin “Əl Əhli” klubları “Edukeyşn Siti” stadionunda üz-üzə gələcək.

“Tigres” - “Ulsan Hyundai” matçının qalibi fevralın 7-də keçiriləcək yarımfinalda Braziliya təmsilçisi “Palmeyras” ilə mübarizə aparacaq.

İkinci cütlüyün qalibi isə fevralın 8-də Çempionlar Liqasının qalibi “Bavariya” ilə finala çıxmaq uğrunda yarışacaq.

Turnirin final və üçüncü yer uğrunda görüşləri fevralın 11-də keçiriləcək.