Türkiyə Super Liqasında 32-ci turun görüşləri keçirilib. Çempionluq uğrunda mübarizədə “Qalatasaray” vacib 3 xal itirib. Beləliklə mövsümün sürpriz komandası “Hatayspor” sürpriz nəticə əldə edıb.
Son 5 görüşdə yalnız 1 qələbə qazanan Fatih Terimin yetirmələri sona 10 tur qalmış artıq büdrəməyə başlayıblar. Tarixində ilk dəfə olaraq Super Liqaya vəsiqə qazanan “Hatayspor” komandasının Super Liqada qalmaq uğrunda mübarizə aparacağını ehtimal etmək olardı. Ancaq “Hatay” gözlənilmədən sona 10 tur qalmış turnir cədvəlinin 6-cı pilləsində qərarlaşaraq, növbəti mövsüm “Avrokubok” uğrunda mübarizə apara bilər.
Görüşə gəlincə isə “Qalatasaray”dan çəkinməyən “Hatayspor” oyuna hücümlarla başlayıb və bunun nəticə kimi görüşün 21-ci dəqiqəsində meydan sahibi hesabı açıb. Xüsusən rəqibi əks hücümlarda yaxalayan “Hatay” çox keçməmiş 28-ci dəqiqədə daha bir qol vurub, komandalar fasiləyə 2-0 hesabıyla yollanıblar. 2-ci hissədə “Qalatasaray”ın rəqibin qol və ya qollarına cavab vermək arzusu baş tutmayıb, baxmayaraq ki, qol vurmaq üçün imkanları olsa da bundan hec cür yararlana bilməyiblər. Əksinə görüşün 72-ci hissəsində “Hatay” son nöqtəni qoyaraq sensasiya nəticəsində “Qalatasaray”ı darmadağın edib.
Super Liqada ard-arda iki görüşdə “Qalatasaray” özunə yaraşmayan məğlubiyyətlərlə üzləşir. Qeyd edək ki, keçən tur “Aslanlar” öz doğma divarları arasında “Rizespor”a 3-4 hesabıyla məğlub olmuşdular. Belə ki, 2 oyuna 7 qol buraxan “Qalatasaray” heç də Fatih Terimin komandasına bənzəmir.
Adətən “İmperator”un komandası azarkeşlərə əzmkar, sona qədər döyüşən futbol nümayiş etdirirdi. Ancaq son oyunlarda biz bunu görə bilmirik. Belə ki, son oyunlarda çempionluq uğrunda yara alan “Qalatasaray” artıq lider “Beşiktaş”dan 3 xal geri qalır və nəzərə alaq ki, “Ag Qara Qartal”ın 2 görüşü ehtiyatda var.
“Qalatasaray”ın əzəli rəqibi “Fenerbahçe” bu tur qələbə qazanacağı təqdirdə turnir pilləsində “Qalatasaray”ı gerıdə qoyacaq. Bu tur “Beşiktaş” “Kasımpaşa” səfərinə yollanacaq, “Fenerbahçe” isə “Şükrü Saracoğlu”da autsayder “Denizlispor”u sınağa çəkəcək. Son illərdə Super Liqada çempionluq uğrunda mübarizə son turlara kimi uzanır və belə marafon futbol azarkeşlərində Türkiyə çempionatına maraqı daha da artırır. Bu mövsümdə İstanbulun 3 komandası və artıq onlara yaxın olan “Trabzonspor”un da çempionluq marafonuna qoşulması ehtimalı yüksəkdir.
Nizami Quliyev/İdman şərhçisi