Diqqətli olmalıyıq...


USAİD-in rəhbər postuna ermənilərə heyranlığı ilə tanınan bir şəxsin gətiriləcəyi gözləniləndir


ABŞ Prezidenti Co Bayden Azərbaycanda da fəaliyyəti olan USAİD-ə (Beynəlxalq İnkişaf üzrə Agentliyi) rəhbərlik etmək üçün qatı ermənipərəst Samanta Pauerin namizədliyini irəli sürüb. Samanta Pauer ermənilərə o qədər vurğundur ki, hətta həqiqi doğum gününün 24 aprel, yəni qondarma “soyqırım” günü olduğunu bildirib. Ekspertlərin qənaətincə, Pauer USAİD-in başına keçər-keçməz, əsas hədəfi qondarma erməni “soyqırımı” mövzusu olacaq. Bununla da təşkilat ermənilərin təbliğat maşınına çevriləcək. Agentliyin birbaşa dövlət katibinə tabe olduğu deyilir. Fəaliyyətinin əsas məqsədi sosial-iqtisadi inkişaf və maddi yardım üzrə Amerika hökumətinin proqramlarını bütün dünyada yerinə yetirməkdir. USAİD  həm də ABŞ-ın narıncı inqilablar planlarında yer alan layihələrdən biridir. Bu təşkilatın Corc Sorosla əlaqələrinin olduğu və bir neçə ölkədə “rəngli inqilab” təşkil etdiyi bildirilir. 

Siyasi icmalçı Azər Niftiyev “Şərq”ə bildirib ki, USAİD İkinci Dünya müharibəsindən sonra meydana gəlib. Ekspertin sözlərinə görə, ilkin təşəbbüslər həmin dövrə təsadüf etsə də, rəsmən 1961-ci ildən fəaliyyətə başlayıb:

“Bir çox dövlətlərdə təxribatçı fəaliyyətinə görə, bu təşkilatı həmin ölkələrdən uzaqlaşdırıblar. USAİD İkinci Dünya müharibəsindən sonra güclənən sovet imperiyasının çökdürülməsi istiqamətində Amerikanın başlatdığı siyasətin tərkib hissəsi idi. Təşkilatın yaradılmasında əsas məqsəd bu idi və rəsmən fəaliyyətə başladıqdan təxminən otuz il sonra nəhəng sovet imperiyası parçalandı. Müasir dövrdə Vaşinqton müxtəlif dövlətlərə qarşı təzyiq vasitələrindən istifadə edərkən USAİD-dən də yararlanır. Qurumun dövlət katibinə tabe olması bunun göstəricisidir. Təşkilatın müstəqilliyindən söhbət gedə bilməz. Baydenin təmsil olunduğu Demokratlar Partiyası ilə erməni lobbisi arasında sıx münasibətlər var. Bu münasibətlər müxtəlif ştatlarda erməni lobbisinə bağlı səslərə görədir. Bayden seçkidən əvvəl vəd vermişdi ki, seçiləcəyi təqdirdə erməni “soyqırımı” ifadəsini dilə gətirəcək. Seçkidən sonra verdiyi sözü yerinə yetirdi. USAİD-in rəhbər postuna ermənilərə heyranlığı ilə tanınan bir şəxsin gətiriləcəyi gözləniləndir. Baydenin ermənipərəst şəxslərə “yaşıl işıq” yandırması ABŞ-ın Azərbaycan və Türkiyə ilə münasibətlərinə mənfi təsir göstərir. Lakin nəzərə alaq ki, həmin vəzifəyə təyinat birbaşa Amerika rəhbərliyinin öz səlahiyyətində olan məsələdir”.
A.Niftiyev vurğulayıb ki, Azərbaycan-ABŞ əməkdaşlığında hər iki tərəf maraqlıdır: “Əlbəttə, müəyyən institutların, o cümlədən USAİD kimi qurumların fəaliyyətinə qarşı diqqətli olmalıyıq. Lakin bəzi ölkələrdəki kimi təşkilatdan imtina etmək, sıxışdırıb ölkədən çıxartmaq formasında deyil, müəyyən islahatlar formasında mübarizəmizi aparmalıyıq. Onsuz da son dönəmlər Azərbaycanda hər sahədə islahatlar gedir. Ölkədə mətbuat azadlığının təmin olunması, sosial medianın sərbəst fəaliyyətinə imkan yaradılması istiqamətində ciddi addımlar atılıb. Qərbin təşkilatlarını arqumentlərimizlə üz-üzə qoya bilərik. Ciddi təhlükə görməsəm də, hesab edirəm ki, ehtiyatı əldən verməməliyik. Bu cür qərarlar isə bizi daha diqqətli olmağa təşviq etməlidir”.