Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.
"Report"un məlumatına görə, günün ilk oyununda "Qəbələ" və "Sabah" komandaları üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.
Qonaqlar oyuna bir çox itki ilə çıxıb. Filip İvanoviç cəza, Amadu Diallo, Kevin Kubemba və Fofana Tiemoko isə zədə səbəbindən əyalətdəki matçda iştirak etməyib.
Qarşılaşmada hesab 28-ci dəqiqədə açılıb. Bakı klubunun heyətində Xolio Sezar Rodriges fərqlənib. İlk hissədə qapılara başqa qol vurulmayıb. İkinci yarıya da fəal başlayan "Sabah" komandası 59-cu dəqiqədə fərqi 2 topa çatdırıb. Bu dəfə Slavik Alxasov adını tabloya yazdırıb. Lakin Masazır təmsilçisi üstünlüyünü qoruyub saxlaya bilməyib. 63-cü dəqiqədə "Qəbələ"nin hücumçusu Nikolas Raysel buraxılan toplardan birinin əvəzini çıxıb. Cəmi 2 dəqiqə sonra Stefan Vukçeviç hesabı bərabərləşdirərək yekun nəticəni müəyyənləşidirib.
Bu heç-heçədən sonra xallarını 26-ya çatdıran "Sabah" və "Qəbələ" müvafiq olaraq, 5 və 6-cı pillələri bölüşdürür.
Qeyd edək ki, turun bu gün keçiriləcək digər 3 oyununda "Sumqayıt" "Neftçi"ni, "Qarabağ" "Keşlə"ni, "Zirə" "Səbail"i qəbul edəcək.