Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, sonuncu – XXVIII tur mükafatçıların adlarına tam aydınlıq gətirib.
Çempion titulunun sahibi “Neftçi” – “Qarabağ” görüşündə müəyyənləşib. Gərgin mübarizə şəraitində keçən matçın taleyini son dəqiqələrdə vurulan bir top həll edib.
Ahmed Ahmedovun vurduğu top “Neftçi”yə qələbə qazandırıb. Bu 3 xal “Neftçi”yə çempionluq bəxş edib. Bakılılar ümumilikdə 9-cu dəfə qızıl medallara yiyələnib. Rəqibinin seriyasını qırmaq üçün qalib gəlməli olan “Neftçi” bu vəzifənin öhdəsindən legionerin qolu ilə gəlib.
Bürünc medal qazanmağa daha yaxın olan “Zirə” səfərdə “Sabah”a uduzub. Bu məğlubiyyətdən yararlanan “Sumqayıt” “Səbail” üzərində qələbə ilə 3-cü yerə yüksəlib. “Gənclik şəhəri” təmsilçisi bürünc medalla yanaşı Konfrans Liqasına vəsiqə də əldə edib.
Turun formal xarakter daşıyan matçında isə “Keşlə” “Qəbələ”yə qalib gəlib. Bu nəticə sayəsində bakılılar son pilləni tərk edib. 8-ci yerə isə “Səbail” yuvarlanıb.