Xorvatiyanın Poreç şəhərində keçirilən karate üzrə Avropa çempionatında idmançılarımız həlledici görüşlərə çıxacaq.
Oxu.Az-ın xəbərinə görə, bu gün üç karateçimiz final, üç idmançımız isə bürünc medal görüşünə çıxacaq.
Kişilərdə (kumite) 75 kq-da Rafael Ağayev 12-ci dəfə Avropa çempionu olmaq üçün altıqat qitə mükafatçısı, II Avropa Oyunlarının qalibi Stanislav Qoruna (Ukrayna) ilə qarşılaşacaq.
Pənah Abdullayev 84 kq-da ilk dəfə Avropa çempionu olmaq üçün altıqat qitə birincisi Uğur Aktaşı (Türkiyə) yenməyə çalışacaq.
II Avropa Oyunlarının qalibi Asiman Qurbanlı 84 kq-dan yuxarı çəkidə üçüncü dəfə qitənin bürünc medalını qazanmaq üçün Herolind Nişevtsini (Kosovo) məğlub etməlidir.
Qadınlarda İrina Zaretskaya 68 kq-da komanda yarışlarından sonra Avropanın fərdi qızıl medalını da qazanmaq üçün qitənin üçqat qızıl medalçısı Viki Panetsidunun (Yunanıstan) müqavimətini qırmalıdır.
İlahə Qasımova 55 kq-da 2016-cı ildə komanda yarışlarında Avropa çempionluğundan sonra qitənin ilk bürünc medalını əldə etmək üçün İrina Sarıkina (Belarus) ilə görüşəcək.
Kata yarışlarında Roman Heydərov ardıcıl beşinci dəfə Avropa çempionatının bürünc medalını qazanmaq üçün 2014-cü ilin qitə çempionu, son beş analoji yarışın üçüncüsü Mattia Buzatodan (İtaliya) daha yaxşı performans göstərməyə çalışacaq.
Həmçinin parakarateçilərin yarışında dünən bürünc medal qazanmış Sahib Əhədov və Eldar Əhmədovdan başqa, bu gün daha iki idmançımız mükafat uğrunda yarışacaq. Lazım Allahverdiyev bürünc, Emiliya Mitlinova qızıl medal görüşlərinə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatına sabah keçiriləcək komanda yarışları ilə yekun vurulacaq. Kişilərdən ibarət kumite və kata millilərimiz bürünc medal görüşlərinə çıxacaq. Burada kata millimiz bürünc medal üçün son qitə çempionatının üçüncülük yarışında uduzduğu Rusiya ilə görüşəcək. Rafael Ağayevin də yarışdığı kumite millimiz isə güclü İspaniya ilə qarşılaşacaq.