Azərbaycanın sambo üzrə milli komandasının baş məşqçisi Bəxtiyar Hacıyev Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatından uzaqlaşdırılmaları barədə fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis "Report"a açıqlamasında 71 kq-da mübarizə aparan Emil Həsənova finalda haqsızlıq edildiyini bildirib.
Onun sözlərinə görə, Həsənov qəsdən uduzdurulub:
"Emil finala qədər İsrail, Fransa və ən çətin rəqibi olan Gürcüstan təmsilçilərini məğlub etmişdi. O, qızıl medalın bir addımlığında idi, fəxri kürsünün ən yüksək pilləsinə qalxacağına ümid edirdik. Rusiya samboçusu ilə görüşdə ağrıdıcı fəndə düşdükdə təslim olmayaraq vəziyyətdən çıxmağa çalışdığı an hakim görüşü saxladı və qələbəni rəqibə verdi. Təbii ki biz də buna etirazımızı bildirdik".
Baş məşqçi yığmanın Avropa çempionatından disklifikasiya edilməsində erməni faktoru, eyni zamanda rusiyalı hakimlər briqadasının rolunun olduğunu bildirib:
"Belə bir ədalətsizlik Gürcüstan sambo yığmasına qarşı da oldu. Onlar sussalar da, biz bunu qəbul edə bilməzdik. Federasiyamızın rəhbəri Ceyhun Məmmədov da Avropa Sambo Federasiyasının prezidenti və yarışın hakimlər briqadasının rusiyalı rəhbərinə də etirazını bildirdi. Buna qədər gənclərimiz yarışlarda 1 qızıl, 1 gümüş və 1 bürünc qazanmaqla, 30 ölkə arasında komanda hesabında 3-cü olmuşldu. 98 kq-dan yuxarı çəkidə Toğrul Salmanov qızıl, 58 kq-da Nicat Məmmədli gümüş, 64 kq-da isə Elvin Bağırov bürünc medal qazanmışdılar. Təbii ki, bu uğurumuzu nə ruslar, nə də ermənilər həzm edə bildilər və böyüklərdən ibarət komandamızın da nailiyyət əldə etməsinin qarşısını aldılar. Biz 28 may - Respublika günü münasibətilə xalqımızı qələbələrimizlə sevindirmək və şanlı bayrağımızı yüksəklərə qaldırmaq istəyirdik. Lakin dediyim amillər bu istəyimizə mane oldu".
B.Hacıyev onu da bildirib ki, mayın 31-də ölkəyə qayıtdıqdan sonra məsələ ilə əlaqədar beynəlxalq idman qurumlarına rəhbərlik səviyyəsində rəsmən şikayətlərini bildirəcəklər.