"Çelsi" Çempionlar Liqasının qalibi olub 


Bu gün Çempionlar Liqasının final oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, bu matçla avrokuboklarda 2020/21 mövsümünə yekun vurulub.

Qitənin ən nüfuzlu klub turnirinin qalibi Portuqaliyanın Porto şəhərində müəyyənləşib. “Draqao” stadionunda iki İngiltərə klubu üz-üzə gəlib.

Həlledici matçda “Mançester Siti” ilə “Çelsi” görüşüb. Bir il əvvəl finalda PSJ ilə məğlubiyyət acısı yaşayan Tomas Tuxel bu dəfə London klubunun sükanı arxasında eyni həyəcanı yaşayıb. “Şəhərlilər” isə tarixində ilk dəfə final oyununa çıxıb.

Qarşılaşmanın taleyini “zadəganlar”ın birinci hissədə vurduğu yeganə qol həll edib. Bu hesab “Çelsi”ni 2011/12 mövsümündən sonra ilk, ümumilikdə isə ikinci dəfə Çempionlar Liqasının qalibi edib. Pep Qvardiola isə “Barselona”da qazandığı kuboku uzun fasilədən sonra başı üzərinə qaldırmaq şansını əldən verib.

Qeyd edək ki, “Çelsi” kuboku qazanmaqla yanaşı, UEFA Superkubokunda Avropa Liqasının ən yaxşısı “Vilyarreal”la oynamaq hüququ əldə edib.

Çempionlar Liqası
Final
29 may
23:00. “Mançester Siti” (İngiltərə) – “Çelsi” (İngiltərə) - 0:1
Qol: Haverts, 42
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Porto. “Draqao” stadionu