Voleybol millimiz Niderland millisinə qarşı

Avropa çempionatının final mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq turnirdə gücünü yoxlayacaq. 
Oxu.Az xəbər verir ki, Yunanıstanda təlim-məşq toplanışını başa vuran yığmamız “Savaria” adlı yarışın oyunlarını iki gün əvvəl yollandığı Macarıstanda keçirəcək. 
Turnirdə Vüqar Əliyevin baş məşqçisi olduğu komandamızla yanaşı, ev sahibləri, Niderland və Çexiya milliləri mübarizə aparacaq. Dairəvi sistemlə təşkil olunacaq yarış avqustun 5-7-də olacaq. İlk gündə Macarıstanla qüvvəsini sınayacaq voleybolçularımız ertəsi gün Niderlandı sınağa çəkəcək. Avqustun 7-də isə rəqib Çexiya olacaq.
Qeyd edək ki, Yunanıstanda yerli yığma ilə üç görüş keçirən komandamız yalnız bir qarşılaşmada qələbəyə sevinib.