İdlib və ona bitişik bölgədə sülhün qorunması Türkiyə üçün prioritet məsələdir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Ömcü Keçelinin İdlib və ona bitişik bölgədəki hadisələrlə bağlı suala cavabında deyilir.
Qeyd olunub ki, 2017-ci ildən bəri İdlibdə gərginliyin azaldılması ilə bağlı bəzi razılaşmalar əldə olununub və Türkiyə tərəf olduğu müqavilələrin tələblərini dəqiqliklə yerinə yetirir.
“İdlibə qarşı son hücumların Astana razılaşmalarının ruhuna və fəaliyyətinə xələl gətirəcək, ciddi mülki itkilərə səbəb olacaq səviyyəyə çatdığına dair müxtəlif beynəlxalq platformalarda lazımi xəbərdarlıqlar etdik və bu hücumların dayandırılmasının vacibliyini qeyd etdik. Əslində son günlər baş verən qarşıdurmalar regionda gərginliyin arzuolunmaz şəkildə artmasına səbəb olub. Yeni və daha böyük qeyri-sabitliyin yaranmaması və mülki əhalinin zərər görməməsi Türkiyə üçün böyük əhəmiyyət kəsb edir”, - deyə XİN sözçüsü vurğulayıb.
Bundan əlavə, Tel Rıfat və Mənbicdə mövcud qeyri-sabitlik mühitindən istifadə etməyə çalışan terrorçu qrupların mülki şəxsləri və Türkiyəni hədəf alan hücumlarının da müşahidə olunduğu qeyd olunub:
“Bu bölgələrdə terrorçuların mövcudluğuna son qoymaq üçün maraqlı tərəflərlə əvvəllər əldə edilmiş razılaşmaların yerinə yetirilməməsi narahatlığımızı artırır. Suriyanın birliyinə və ərazi bütövlüyünə verdiyimiz önəm və terrorla mübarizəyə verdiyimiz prioritet çərçivəsində baş verənləri yaxından izləyirik”.