Gürcüstan Qərbin "qızışdırıcı" çağırışlarına boyun əyməməlidir -ANALİZ

Gürcüstanda parlament seçkilərindən sonra siyasi proseslərin gedişi onu göstərdi ki, Qərb Gürcüstanda rəngli inqilab ssenarisi həyata keçirməyə çalışır. Qərbdən idarə olunan müxalifətin əsassız olaraq seçkilərin nəticələrinin ləğv olunması və yeni seçkilərin keçirilməsinə yönəlmiş fəaliyyəti bu planı daha da qabartdı. Hazırda Gürcüstanda 2004-cü il postsovet məkanında, o cümlədən Ukraynada həyata keçirilmiş rəngli inqilabların, habelə 2014-cü ildə Ukraynada baş vermiş inqilabın yenidən özünəməxsus formada təkrarlanması qaçılmazdır. Eyni zamanda Qərb, hybrid müharibələr vasitəsilə postsovet məkanında milyonlarla insanın canı və qanı bahasına münaqişə zonaları yaratmaq istəyir. Həmçinin artıq gürcü xalqı da da Qərbin və onun təəssüübkeşlərinin əsl niyyətini anlayır və müqavimət göstərir.

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a deyib ki, Rusiya və digər geosiyasi güclər arasında çox ciddi mübarizə və nüfuz savaşı gedir:

"Bu prosesdə daha qabarıq münaqişəni Qərblə Rusiya arasında görürük. Gürcüstandakı seçkilərdə də tərəflərin bir-birinə qarşı aktiv fazada mübarizə apardığının şahidi oluruq. Seçkilərdə üstünlük qazanmaq üçün siyasi qüvvələr qazanmaq istiqamətində Qərb və Rusiya savaşır. Qərb təkcə Prezident və müxtəlif siyasi partiyaların deyil, bütövlükdə Gürcüstana nəzarəti ələ keçirmək istəyir. Bu istiqamətdə də ciddi addımlar atır. Lakin buna nə dərəcədə nail ola biləcəyi şübhəli görünür. Çünki hakim partiya möhkəm dayanıb və qətiyyətlə geri çəkilmək niyyəti də hiss olunmur. Digər tərəfdən hakim partiyanın ümumiyyətlə xalq arasında etimadının olmadığını söyləmək də doğru olmaz. Çünki hakimiyyət müəyyən qədər səs toplayıb və nəticələr də ortadadır. Qərbin dəstəklədiyi müxalifətin nəticə əldə etmək imkanları isə məhduddur. Onların mübarizəsinin nəticə verəcəyi ümidli və uğurlu görünmür".

Şərhçinin sözlərinə görə, Gürcüstan və onun hakim komandası sakitlik və sabitlik arzulayırlarsa, Azərbaycan və Türkiyə ilə əlaqələri daha da genişləndirməlidir:
"Eyni zamanda bu münasibətlərdə də xüsusi həssaslıq göstərməlidir. Ümumiyyətlə Gürcüstan regionda sabitliyin qorunması üçün Qərbin destruktiv siyasi qruplarını  dağıdıcı planlarının icrasına getməməlidirlər. Çünki Ukrayna nümunəsinə baxdıqda görürük ki, ölkə darmadağın oldu. Rusiyanın təcavüzünə haqq qazandırmırıq, amma Ukraynanın siyasi rəhbərliyinin də naşılığı ölkəni çətin vəziyyətə saldı. Buna görə də Gürcüstan diqqətli olmalıdır, Qərbin "qızışdırıcı" çağırışlarını boyun əyməməlidir".

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli isə bildirib ki, Gürcüstanın xarici siyasəti ölkənin daxili siyasətində baş verənlər əsasında qurulur:

"Burada Azərbaycandan fərqli olaraq, xarici siyasətin təsir faktorları ölkənin daxili hakimiyyətinin taleyini müəyyən edir. Gürcüstan əslində xarici siyasət ritoriyasını ona görə dəyişmiş olur. Cənubi Qafqazda Azərbaycanın və Türkiyənin rəhbərlik etdiyi güc qrupu Rusiya ilə maraqlarını balanslaşdıra bilir. Amma Qərb yerli hakimiyyətləri, o cümlədən Azərbaycanı hədəfə alıb. Bu, əslində Gürcüstan üçün də bir siqnal oldu ki, bölgədə Azərbaycan və Türkiyə ilə münasibətlər yüksək səviyyədə olmadan mövcud olmaq mümkün deyil. Azərbaycan təcrübəsi Rusiya ilə dil tapmağın mümkünlüyünü göstərdi. Bu, Gürcüstan üçün əlavə stimul yaratdı və onlar qərara gəldi ki, xarici siyasətində bu faktordan istifadə etsin. Nəticədə Gürcüstan Rusiyaya meyilli siyasəti ilə həm də bu bölgənin maraqlarının təmin olunmasını "oynamağa" başladı. Bu isə Qərbin xoşuna gəlmədi. Ona görə Gürcüstanı təhdid etmək, müxtəlif təsirlərlə, o cümlədən növbəti dəfə inqilab ssenarisinə baş vurmaq kimi üsullar meydana gəldi".