Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya ilə oyunda Braziliya yığmasının heyətində 76-cı qolunu vuran Neymar əfsanəvi Pelenin rekorduna bir addım da yaxınlaşıb.
“Report”un məlumatına görə, PSJ-nin oyunçusu daha bir dəfə fərqlənsə, millinin heyətindəki qolların sayına görə Pele ilə rekorda şərik olacaq.
Bundan əlavə, sözügedən oyunda Neymar və “pentakampeonlar”ın digər hücumçusu Vinisius Junior unikal nailiyyətə imza atıblar. Belə ki, dünənki matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan Neymar tarixdə üç mundialda adını tabloya yazdıran üçüncü braziliyalı olub. 30 yaşlı forvard DÇ-2014 və DÇ-2018-də də fərqlənməyə macal tapıb. Ona qədər Pele (1958, 1962, 1966, 1970) və Ronaldo (1998, 2002, 2006) minimum üç dünya çempionatında qol vurublar.
“Sambaçılar”ın 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada hesabı açan Vinisius DÇ-2014-də fərqlənən komanda yoldaşı Neymardan sonra Braziliya millisinin ən gənc qol vuran futbolçusu olub.
Neymar 8 il əvvəl Xorvatiya ilə qarşılaşmada 22 yaş 127 günlüyündə rəqibi məyus edibsə, Vinisius bunu 22 yaş 146 günündə reallaşdırıb.
Qeyd edək ki, Braziliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 9-da Xorvatiya ilə qarşılaşacaq.