"Başa vurduğumuz 2022-ci ili Azərbaycanın idman həyatında uğurlu il kimi qiymətləndirmək olar. Həmişə olduğu kimi, ötən il ərzində də tarixi zəfər qazanmış Azərbaycanın idman həyatında ciddi tərəqqiyə nail olmaq üçün bir idman mütəxəssisi olaraq, illərlə qazandığım təcrübədən doğan potensialımı ortaya qoymuşam. Bu amalım bundan sonra da uğurla davam edəcək".
"Sherg.az" xəbər verir ki, bu barədə "Sərhədçi" İdman Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisi, "Sərhədçi" Peşəkar İdman Klubunun prezidenti, Dövlət Sərhəd Xidmətinin polkovniki
Firdovsi Umudov öz Feysbuk hesabında yazıb. Əməkdar məşqçi qeyd edib:
"Əlbəttə, 2022-ci ili mənim üçün daha da əlamətdar edən başqa bir mühüm hadisə var. Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev məni “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq gördü. Bu etimad üçün ölkəmizin başçısı cənab İlham Əliyevə özümün və ailəmin adından dərin minnətdarlıq izhar edirəm. Əminliklə qeyd edirəm ki, ömrümün bundan sonrakı hissəsində də Azərbaycan idmanının inkişafı, ölkəmizin dünya idman ictimaiyyətində ön sırada qərar tutması, üçrəngli şanlı Azərbaycan bayrağının beynəlxalq arenalarda dalğalanması üçün əlimdən gələni əsirgəməyəcəyəm. Azərbaycanın müzəffər Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya idmana və idmançılara göstərdikləri diqqət, qayğı üçün səmimi qəlbdən təşəkkür edirəm. İnanıram ki, həyatımıza yenicə qədəm basan 2023-cü il də Azərbaycanın idman həyatı üçün uğurlu il olacaq. Nailiyyətlərə müyəssər olmaq naminə bütün gücümüzü səfərbər edəcəyik, ölkə rəhbərliyinin bizə olan ümid və inamını doğruldacağıq. Ölkə rəhbərliyinin daim idmançılarla görüşü, verdiyi tövsiyələr biz idmançılar üçün prioritet istiqamət olur və fəaliyyətimizin ana xəttini təşkil edir. Biz də həmin istiqamətlər üzrə səylərimizi daha da gücləndirib, ölkə idmanı adına uğurlar qazanırıq. Əlbəttə, güc birlikdədir. 2023-cü ildə də xalqımıza birlik, həmrəylik arzu edirəm. Ölkəmə, xalqıma, millətimə, dövlətimə yeni ildə yeni-yeni müvəffəqiyyətlər diləyirəm. Yaşasın bütöv Azərbaycan! Azərbaycan Respublikasına xidmət edirəm!".