“Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğu təsdiqlənib

Türkiyə Futbol Federasiyası (TFF) Super Liqanın XVI turunda keçirilən “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib.
Qurum İstanbul təmsilçisinin səfərdə 2:1 hesabı ilə qalib gəldiyi görüşdə ev sahiblərinin sayılmayan qolunun qaydalar çərçivəsində vurulduğunu etiraf edib.
Matçın 49-cu dəqiqəsində sivaslıların vurduğu top VAR-a baxıldıqdan sonra ləğv olunsa da, federasiya hakimlərin həmin epizodda yanlış qərar qəbul etdiyini açıqlayıb.
TFF, həmçinin, 1:1 hesabı ilə başa çatan XV turun “Qaziantep” – “Beşiktaş” qarşılaşmasının 25-ci dəqiqəsində rəqibi başla vuran ikincilərin futbolçusu Corc-Kevin Nkuduya qırmızı deyil, sarı vərəqə göstərilməsinin yanlış qərar olduğunu bəyan edib.
Hər iki görüşün referiləri Hakimlər Komitəsi tərəfindən cəzalandırılacaq.