“Bakı Marafonu 2023”ün iştirakçısı olmaqdan məmnunam - Mirələm Mirələmov

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” iştirakçısı olmaqdan məmnunam.

Bunu Trend-ə açıqlamasında muğam yarışlarının qalibi Mirələm Mirələmov deyib.

Onun sözlərinə görə, marafon çox maraqlıdır.

“Bu gün idman bayramıdır. Mən də marafonda iştirakçı kimi çıxış edirəm. Çox gözəl təşəbbüsdür. Bu yarışın adət forması alması məni sevindirir. Marafon tək yarış deyil. Biz burda insanlarla mehriban ortamda söhbət edirik, yarışırıq. Heydər Əliyev Fondunun göstərdiyi təşəbbüsə görə minnətdarlığımı bildirirəm”,- deyə muğam ifaçısı qeyd edib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6-ci dəfə Bakı marafonuna start verilib.

Ətraflı
“Bakı Marafonu 2023”də 19500 nəfər iştirakçı qeydiyyatdan keçib.

Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da marafona qeydiyyatdan keçib. Bunların sırasında bu il ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar olub. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışır.

2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək yarımarafon 21 kilometr məsafəni əhatə edir. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olacaq. Marafonun marşrutu: Dövlət Bayrağı Meydanı - Dənizkənarı bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti (Hökumət evi, Muzey Mərkəzi, Kukla teatrı, Qız qalası, “Azneft” dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.