"Dostluq matçı üçün Bakıya gəlmişik. "Sabah" klubuna və Azərbaycan xalqına təşəkkür edirik".
"Report" xəbər verir ki, bunu "Beşiktaş"ın baş məşqçisi Şenol Güneş Bakıda "Sabah"la 3:3 hesablı heç-heçə etdikləri xeyriyyə oyunundan sonra mətbuat konfransında deyib.
71 yaşlı mütəxəssis hər iki tərəfin açıq futbola üstünlük verdiyini söyləyib: "Burada olduğumuz üçün çox xoşbəxtik. Bütün oyunçulara şans vermək istədik. Burada səmimi münasibət gördük. Bir daha təşəkkür edirəm. Belə azarkeşlərə gözəl futbol izlətmək istəyirdik. Türkiyə Super Kuboku və ya hansısa oyunu Bakıda keçirmək bizə ancaq xeyir verə bilər. Biz buraya yardım məqsədi ilə gəlmişik. Belə qarşılaşmaların davamı gəlməlidir. Daha əvvəl verdiyimiz sözü bu gün həyata keçirə bildik. Azərbaycanın bütün komandalarına uğurlar arzulayıram".
Şenol Güneş futbolçu Onur Bulutun görüşün sonlarında halının pisləşdiyini və onun xəstəxanada müayinə olunacağını bildirib: "Beşiktaş"ın burada çoxlu azarkeşinin olması bizi sevindirir".
Mütəxəssis hazırda "Sabah"la əməkdaşlıq planlarının olmadığını vurğulayıb.