İki güləşçimiz beynəlxalq turnirin finalına yüksəldi

Azərbaycanın iki gənc yunan-Roma güləşçisi Qazaxıstanın olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə finala yüksəlib.
Oxu.Az xəbər verir ki, Astanada təşkil edilən yarışda bütün rəqiblərinə qalib gələn U-20 yığmasının üzvləri Ruslan Nurullayev (72 kq) və İsmayıl Rzayev (82 kq) həlledici görüşdə iştirak hüququ qazanıblar.
Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında memorialda iştirak edən yığmanın digər güləşçilərindən Fərid Sadıxlı (55 kq) və Məhəmməd Qasımzadə (63 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar.
Dörd idmançının hər biri medal görüşünə mayın 17-də çıxacaq. Həmin gün, həmçinin, 60, 67, 77, 87 və 130 kq-da mübarizəyə start veriləcək.
Qeyd edək ki, ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyur.