Azərbaycan çempionatları tarixində medal qazanan bütün baş məşqçilərin siyahısı müəyyənləşib.
“Report”un araşdırmasına əsasən, hər mövsüm üzrə qızıl, gümüş və bürünc mükafat əldə edən mütəxəssislərin adları sıralanıb.
“Qarabağ”ın hazırkı baş məşqçisi Qurban Qurbanov baş tutan 30 çempionatın az qala yarısında – 14-də fəxri kürsüyə qalxıb. 51 yaşlı mütəxəssis ilk tituluna 2006/2007 mövsümündə “Neftçi”ni çempionatın ikincisi etməklə yiyələnib.
Qurbanov 2008-ci ildən rəhbərlik etdiyi “Qarabağ”a 9 qızıl, 2 gümüş, 2 bürünc medal qazandırıb.
Mükafat sayında ikinci sırada Ağasəlim Miracavadov qərarlaşıb. O, baş məşqçilik dönəmində komandalarına 5 çempionluq qazandırıbsa, 1 dəfə ikinci, 1 dəfə isə üçüncülüklə kifayətlənib.
Mehman Allahverdiyev 6, Kazbek Tuayev isə 5 dəfə ilk “üçlüy”ə düşmək sevinci yaşayıb. Fərq ondadır ki, Tuayev 4 qızıl, 1 gümüş, Allahverdiyev isə 3 qızıl, 1 gümüş, 2 bürünc medala yiyələnib.
Murad Musayev və Laurentsiu Regekampf bu mövsüm müvafiq olaraq “gümüş” və “bürünc”ə sahib olublarsa, hazırda Premyer Liqada çalışan mütəxəssislərdən Şahin Diniyev, Tərlan Əhmədov, Samir Abasov, Ayxan Abbasov və Rəşad Sadıqov da əvvəl mükafatçılar sırasına düşüblər.