Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində ilk oyununu keçirib.
Oxu.Az-ın məlumatına görə, hazırda baş məşqçisiz olan “ağ-qaralar” yerli “Zenit” komandası ilə qarşılaşıb.
Sankt-Peterburqdakı “Qazprom Arena”da oynanılan görüş rəqibin qələbəsi ilə başa çatıb - 3:1.
Hesabı 39-cu dəqiqədə Bakı klubundan Mateus Saldanya açıb. Braziliyalı hücumçu penaltini dəqiq yerinə yetirib. “Zenit”in qollarını isə 49-cu dəqiqədə Qustavo Mantuan, 70-ci dəqiqədə Klaudinyo və 80-ci dəqiqədə Zelimxan Bakayev vurublar.
“Match TV” turniri
1 iyul
20:30. “Zenit” (Rusiya) - “Neftçi” (Azərbaycan) – 3:1
Qollar: Mateus Saldanya, 39 (penalti) - Qustavo Mantuan, 49. Klaudinyo, 70. Zelimxan Bakayev, 80
Hakimlər: Artyom Çistyakov, Aleksey Şiryayev, Vladislav Nazarov
VAR hakimi: Sergey Tsıqanok
Sankt-Peterburq, "Qazprom Arena"
Qeyd edək ki, "Neftçi" turnirdə iyulun 8-də Serbiyanın “Srvena Zvezda”, iyulun 12-də isə Türkiyənin “Fənərbağça” klubları ilə qarşılaşacaq.