Boks üzrə yığmamız III Avropa Oyunlarını yeddinci pillədə başa vurub

Polşada təşkil olunan III Avropa Oyunlarında 42 ölkənin iştirakı ilə 10 gün davam edən boks yarışlarının yekununda medal əldə edən ölkələrin siyahısı açıqlanıb.

Azərbaycan Boks Federasiyasından Sherg.az-a bildirilib ki, Oyunlarda 7 çəkidə təmsil olunan kişilərdən ibarət yığmamız 2 medala qazanıb. Hesabına 1 gümüş və 1 bürünc mükafat yazan komandamız medal sıralamasında yarışı 7-ci pillədə başa vurub. Millimiz bu yerə İspaniya, İrlandiya və Türkiyə ilə şərikdir.

Ümumilikdə boks üzrə 18 yığma Polşada medal qazanıb. Onlardan cəmi 6 ölkənin təmsilçiləri çempionluq sevinci yaşayıblar.

Siyahıda birinci yeri Fransa yığması tutub. İkinci yerdə İtaliya, üçüncü pillədə isə Bolqarıstan və Böyük Britaniya qərarlaşıblar.

Xatırladaq ki, yığmamızın heyətində Məhəmməd Abdullayev (+92 kq) gümüş, Murad Allahverdiyev (80 kq) bürünc medal qazanıb. Hər iki boksçu “Paris-2024” Yay Olimpiya Oyunlarına da lisenziya əldə edib.