Adı İspaniyanın “Sevilya” klubunun rəsmi transfer siyahısında olan “Qarabağ”ın hücumçusu Juninyo ilə daha bir əcnəbi klubun maraqlandığı iddia edilib. Budəfəki klub isə artıq Avropa qitəsini təmsil etmir.
Sherg.az QOL.az-a istinadən xəbər verir ki, İspaniyanın onefootball.com və ABC Sevilla saytları yazıb ki, “Qarabağ”la “Sevilya” arasında danışıqların uğurla davam etdiyi bir vaxtda Juninyo üçün daha bir təklif vətəni Braziliyadan gəlib. İddia edilir ki, bu ölkənin “Flamenqo” klubu da Juninyonun xidmətində maraqlıdır.
Məlumata görə, Rio-De-Janeyro təmsilçisi hücumçusu Qabriel Barbozanın gedişinə hazırlaşır və onun əvəzləyicisi qismində Juninyonu görür. Hətta klubun bunun üçün “Qarabağ”a 5 milyon avro təklif etməyə hazır olduğu da bildirilir.
Bu məbləğ “Sevilya”nın “Qarabağ”a təklif etdiyindən artıqdır. Son məlumata görə, “Sevilya” Juninyonun transferi üçün Ağdam klubuna 4 milyon avro (üstəgəl, 500 min bonus) yenilənmiş təklif irəli sürüb.
İspan mediası yazır ki, Braziliya klubunun təklifi “Sevilya”ya problem yarada bilər. Amma ispanlar transferin baş tutacağına ümidlərini də itirməyiblər.