Ev işləri bitən kimi həyatları dəyişir! Hamı o 25 qadından danışır

Türkiyənin Aksaray bölgəsinin Koçpınar kəndində ibtidai məktəbinin direktoru Eyyüp Aba valideyn yığıncağına qatılan qadınlara Milli Təhsil Nazirliyinin “Həyat Bacarıqları” layihəsi çərçivəsində voleybol komandasının yaradılmasını istədiyini söyləyib. 
Sherg.az xəbər verir ki, valideynlərdən müsbət cavab alan Aba məktəbin həyətindəki ərazini voleybol meydançasına çevirib, tor və voleybol topları alıb.

Səhər heyvanlarına baxıb ev işlərini tamamladıqdan sonra təxminən bir ay əvvəl “Anadolu sultanları” adını verdikləri komandanın damı altında toplaşan 25 qadın həftənin müəyyən günlərində kənd məktəbinin bağçasında voleybol oynayırlar.

Şalvar kostyumlarına və xınalı əllərinə əhəmiyyət vermədən idman edən “Anadolu sultanları” Vodafone Sultanlar Liqasının komandalarından “Kuzeyboru” ilə matç oynamaq istəyir.

Bədən tərbiyəsi müəlliminin hazırladığı qadınlar hazırda öz aralarında qarşılaşmalarda iştirak edirlər. Məktəb direktoru Aba jurnalistlərə anaların layihədən çox məmnun olduğunu bildirib.
Valideynlərə yaxın olmağın vacibliyinə də diqqət çəkən Aba deyib: "Bu layihə əslində valideyn, şagird və müəllim əməkdaşlığına gözəl bir nümunədir. Anaların daim bizimlə olması uşaqların inkişafına müsbət töhfə verir. Videonu sosial mediada paylaşdıqdan sonra Kuzeyboru prezidenti və komandanın kapitanı Güldəniz Önalla əlaqə saxladıq, ilk fürsətdə məktəbimizdə gözəl bir matç keçirəcəyik". 
Oyunçulardan ev xanımı Fatma Köksal sonuncu dəfə lisey şagirdi olanda voleybol oynadığını bildirib.


Ev işlərini gördükdən sonra qadınlarla birlikdə məktəbə gəldiklərini deyən Köksal bunları qeyd edir:

"Bizim üçün çox gözəl hadisədir. Qış olduğu üçün nə bağçılıq, nə də üzümlük işimiz var. Hazırda idman etmək bizim üçün çətin deyil. Əyləncəli matçlar keçiririk. Ərlərimiz də arxamızda dayanıb dəstək olurlar. Bizim iki uşaq da bu məktəbdə oxuyur. Boş vaxtlarımızı daha da dəyərli edirik. İnşallah Anadolu sultanlarının gücünü hər kəsə göstərəcəyik".




Üç uşaq anası olan Emine Başer heyvanlara qulluq etdikdən sonra komanda yoldaşları ilə birlikdə məktəbə getdiyini bildirib.
İsinmə hərəkətləri etdikdən sonra oyun sahəsinə çıxdıqlarını ifadə edən Başer, "Orta məktəb dövründə keçirilən siniflər arası voleybol turnirində birinci olub medal aldıq. Mən də libero mövqeyində oynayırdım. O komandada səsimizi sosial mediada eşitdirdik, sağ olsunlar, bizə dedilər ki, komanda yaradın, biz də  bunu etdik, , çox həyəcanlıyıq. Kuzeyborudan olan Gamze Kılıç və Anna Lazarevanı çox bəyənirəm” deyə danışdı.



Dörd uşaq anası Hafize Göktaş heç vaxt komanda şəklində voleybol oynamadığını deyib. Özlərini bir az daha təkmilləşdirmələri lazım olduğuna diqqət çəkən Göktaş deyib: "İndiyə qədər gözəl və zövqlə oynayırıq. Şalvarla bağlı heç bir çətinlikimiz yoxdur. Əla vaxt keçiririk. Komandada yaşlı  oyunçularımız da yer alır, bəzilərimizin isə artıq çəkisi var. Biz bunlara önəm vermədən kef alırıq”.