Çovkən, pəhləvanlıq, futbol... - Azərbaycanın idman TARİXİ

  • 10 min il əvvəl Qobustanda başladıq, bu gün dünya podiumundayıq

İdman yalnız fiziki fəaliyyət yox, həm də bir ölkənin sosial, mədəni və hətta beynəlxalq nüfuz göstəricilərindən biridir. Azərbaycan idman tarixinə nəzər saldıqda isə ölkəmizin kifayət qədər ənənəyə sahib olduğunu demək olar.

Ən qədim dövrdən başlayaraq bu günə qədər uzanan proses eramızdan əvvəlki dövrlərdən başlayır. Bunu araşdırıb tapmaq üçün isə tarix boyu inkişaf edən prosesi, beynəlxalq uğurları və yatırımları nəzərdən keçirməliyik.

VIII–X minillikdə, yəni Mezolit dövründə çovkən, ibtidai güləş kimi fiziki oyunlar geniş yayılmışdır. Hətta Qobustan qayaüstü rəsmlərində insanların güc sınama, oxatma kimi fəaliyyətləri təsvir olunmuşdur.

Müasir polo idmanının əcdadı çovkənin ilkin versiyalarıdır. Bu idman növü Qafqaz və Atropatenada geniş yayılmışdı. Pəhləvanlıq və ibtidai güləş bu coğrafiyada məşhur idi. Hətta XIV əsrdə Əssar Təbrizinin əsəri bunu təsvir edir.

Müasir idmanımızda ən böyük təkan isə Azərbaycanın sənayeləşdirilməsi ilə bağlıdır. Sürətlə inkişaf edən Bakıda avropalı işçilərin gətirdiyi və yaydığı idman növləri var idi. Üzgüçülük, futbol kimi idman növləri yayıldı. Bu dövrdə üzgüçülük məktəbləri və futbol klubları yarandı. İlk respublika yarışları 1921-ci ildə futbol üzrə oldu. 1924-cü ildə yunan-Roma güləşi, 1925-ci ildə ağır atletika, 1928-ci ildə sərbəst güləş, 1930-cu ildə isə Bədən Tərbiyəsi Akademiyası yaradıldı.

Müasir dövrdə isə Azərbaycan idmanı müxtəlif sahələrdə inkişaf edərək beynəlxalq səviyyədə uğurlar qazanmışdır. Xüsusilə güləş, cüdo, boks, karate, taekvondo, gimnastika, atletika, üzgüçülük və şahmat kimi idman növləri ölkəmizin əsas uğur sahələrinə çevrilmişdir. Bundan əlavə, futbol da Azərbaycanda geniş yayılmış və ölkənin ən populyar idman növlərindən biri olmuşdur. Son illərdə idman infrastrukturu inkişaf etdirilmiş, müasir idman kompleksləri və stadionlar inşa olunmuş, müxtəlif beynəlxalq yarışların Azərbaycanda keçirilməsinə şərait yaradılmışdır.

Ömər Cəfərzadə