Bakıda böyük dəyişiklik: 42 ünvanda eyni anda yol təmiri başlayır

Sürücülərə xəbərdarlıq edilir ki, paytaxtın mərkəzi yollarında sıxlıq qaçılmaz olacaq

Paytaxtda 151 849 km. yol şəbəkəsinin təmirinə başlanılır. Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında bildirdi ki, Bakıda son illərin ən genişmiqyaslı yol təmiri kampaniyalarından biri başlayır: 

- Sabahdan etibarən, bayram günlərinə təsadüf edən dövrdə paytaxt üzrə 42 ünvanda paralel şəkildə təmir işləri həyata keçiriləcək. Məqsəd həm şəhər infrastrukturunun yenilənməsi, həm də Bakının ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öncəsi yolların daha keyfiyyətli vəziyyətə gətirilməsidir. Bu dəfə yanaşma fərqlidir. İşlər eyni vaxtda çoxsaylı əsas magistrallarda aparılacaq. Ümumi təmir sahəsi 151 min kv.m-dən çoxdur. Trafik tam bağlanmayacaq, yalnız zolaqlar üzrə məhdudiyyətlər tətbiq ediləcək. Təmir əsasən şəhərin ən yüklü arteriyalarını əhatə edir — Heydər Əliyev prospekti, Ziya Bünyadov prospekti, Tbilisi prospekti, Babək prospekti, 8 Noyabr prospekti və digər mərkəzi küçələri. Təmir işlərinə ona görə indi başlanılır ki, bayram günlərində nəqliyyat axını nisbətən azalır və bu fürsətdən istifadə edərək maksimum həcmdə işi qısa müddətdə icra etmək mümkün olacaq. Yollar hərəkət üçün tam bağlanmayasa da, bəzi istiqamətlərdə sıxlıq qaçılmaz ola bilər. Sürücülərə tövsiyə olunur ki, bu müddətdə alternativ marşrutlardan istifadə etsinlər, yol nişanlarına diqqətlə yanaşsınlar və hərəkət zamanı daha ehtiyatlı olsunlar.