Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas

  • Bu vəziyyəti yalnız yeni yollarla həll etmək mümkün deyil
  • Vüqar Dadaşov: “Universitetlər Qarabağa köçürülməli, "Student City" yaradılmalıdır”

15 sentyabr - Azərbaycanın bilik gününün ilk saatlarından etibarən Bakı şəhərində müşahidə olunan intensiv tıxac bir daha göstərdi ki, problem artıq adi nəqliyyat sıxlığı deyil, şəhərin nəqliyyat və demoqrafik yükünün kritik həddə çatmasıdır, qısası, kollaps vəziyyətidir. Bu səbəbdən problemin həlli yalnız yeni yolların və nəqliyyat xətlərinin salınması ilə məhdudlaşmamalı, Bakıdakı əhali və funksional yükün regionlar üzrə yenidən bölüşdürülməsi ilə paralel aparılmalıdır.

Sherg.az xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının sədr müavini, hüquqşünas Vüqar Dadaşov deyib. 

V. Dadaşov işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması və yeni iqtisadi mərkəzlərin yaradılması çərçivəsində iki xüsusi şəhərin – “Student City” və “Sport City”nin salınmasını təklif edib:

““Student City” Qarabağda müasir universitet şəhəri kimi formalaşdırıla bilər. Bakı Dövlət Universiteti istisna olmaqla, digər ali təhsil müəssisələrinin mərhələli şəkildə bu şəhərdə yerləşdirilməsi, universitetlərlə yanaşı tələbə yataqxanalarının, müəllim yaşayış komplekslərinin, sosial və xidmət infrastrukturunun yaradılması həm Bakıdakı tələbə və müəllim axınının azalmasına, həm də işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılmasına ciddi töhfə verə bilər. “Sport City” isə Azərbaycanın əsas idman mərkəzinə çevrilə bilər. Burada “Formula-1” başda olmaqla müxtəlif idman növləri üzrə arenalar, təlim bazaları, hotellər, xidmət və ictimai infrastruktur yaradılmaqla dövriyyəli beynəlxalq, regional və yerli yarışların keçirilməsi təmin edilə bilər. Bu, həm yeni iqtisadi fəaliyyət və məşğulluq imkanları yaradacaq, həm də Bakıdakı iri tədbirlərlə bağlı nəqliyyat yükünün bir hissəsini regionlara yönəldəcək.

Bu iki şəhərin yaradılması yalnız məskunlaşma layihəsi deyil, Bakı–regionlar arasında demoqrafik, iqtisadi və funksional balansın formalaşdırılması strategiyası kimi özünü doğrulda bilər. Paralel olaraq ayrı-ayrı dövlət qurumlarının regionlara, xüsusən də Kənd təsərrüfatı nazirliyinin Gəncəyə, Energetika Nazirliyinin Mingəçevirə və digər regional mərkəzlərə köçürülməsi də bu strategiyanın mühüm hissəsi ola bilər”.

Ən əsası isə hüquqşünas qeyd edib ki, regionlardan Bakıya və böyük şəhərlərə axının qarşısını almaq üçün regional inzibati orqanların rayonlarda yerli bölmələrinin təşkili, iş yerlərinin açılması, əhalinin təbiətdən istifadəsinin asanlaşdırılması və nəhayət, infrastrukturun qurulması vacibdir: 

“Azərbaycanın qarşısında yalnız Bakıdakı tıxac problemini həll etmək deyil, ölkənin şəhərsalma və məskunlaşma modelini yenidən formalaşdırmaq vəzifəsi dayanır. “Student City” və “Sport City” bu istiqamətdə konkret və strateji addımlardan biri ola bilər”.