Ekspert: Nəqliyyat qovşağı olan ölkəyə ixtisaslaşmış universitet lazımdır

Rauf Ağamurzəyev: Güclü infrastruktur üçün peşəkar kadr hazırlığı şərtdir

Paytaxtda yeni ali məktəbin yaradılacağı barədə məlumat var.

Nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında bildirdi ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il fəaliyyət hesabatında qeyd olunub: 

- Hesabatda yeni universitetin yaradılması təklif olunur. Lakin paytaxtın mərkəzində deyil, kənarda. Sənəddə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imkan verən müasir ali təhsil ocağının yaradılması təklif edilir. Bildirilir ki, Ələt qəsəbəsi nəqliyyat qovşaqlarında yerləşən məkan olduğuna görə həmin bazada böyük bir təhsil müəssisəsinin açılması faydalı ola bilər. Vurğulanır ki, Bakı şəhəri və ətraf ərazilərdə kifayət qədər ali təhsil müəssisələrinin fəaliyyət göstərməsi bəzi hallarda şəhərin nəqliyyat, kommunal və digər infrastruktur sahələrinin həddindən artıq yüklənməsinə səbəb olur. Bu baxımdan, Bakı şəhəri və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində yeni universitetlərin yaradılması məqsədəuyğun hesab olunmur. Həmçinin bir sıra ali təhsil müəssisələrinin paytaxtdan kənarda yerləşməsi müzakirə mövzusudur. 

R.Ağamirzəyev bildirdi ki, Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyi onu regionun təbii nəqliyyat qovşağına çevirir. Ölkə beş əsas nəqliyyat növünün - boru kəməri, hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının kəsişdiyi nadir məkanlardan biridir: 

- Lakin təkcə yerləşmə mövqeyi və fiziki infrastruktur bu üstünlüyü reallaşdırmaq üçün kifayət deyil. Əsas həlledici amil peşəkar, ixtisaslaşmış və müasir biliklərə malik insan kapitalıdır. Son illərdə Azərbaycanda limanlar, dəmir yolu xətləri, avtomobil magistralları, hava nəqliyyatı infrastrukturu, beynəlxalq enerji və nəqliyyat dəhlizləri yaradılıb və ya modernləşdirilib. Amma bu sistemlərin səmərəli, təhlükəsiz və rəqabətqabiliyyətli işləməsi yalnız yüksək ixtisaslı kadrlarla mümkündür.