Çinlə əməkdaşlıq maksimum genişləndirilməlidir 

Biz bu ölkədən təkcə istehsal malları yox, istehsal avadanlıqları almaqda da maraqlı olmalıyıq


Azərbaycanla Çin arasında iqtisadi əməkdaşlıq genişləndirilir. Məlum olduğu kimi ötən gün İqtisadiyyat naziri Şahin Mustafayev Çinin “China CAMCE Engineering Co. Ltd.” şirkətinin vitse-prezidenti Vanq Yuhanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Çin şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda aqrar-sənaye parkının yaradılması, birgə emal müəssisələrinin təşkili, sənaye parklarında və məhəllələrində iştirak, kənd təsərrüfatı və məişət texnikasının istehsalı sahələrinin yaradılması barədə müzakirələr aparılıb. Vanq Yuhanq Çin iş adamlarının Azərbaycandakı əlverişli biznes və investisiya mühitinə maraq göstərdiyini diqqətə çatdırıb. Təmsil etdiyi şirkətin fəaliyyəti, Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan layihələri barədə məlumat verib.

Xatırladaq ki, mühəndislik, satınalma və tikinti sahələrində fəaliyyət göstərən sözügedən şirkət sənaye, kənd təsərrüfatı, enerji, neft-kimya, su mühəndisliyi, kommunikasiya və dağ-mədən sahələrini əhatə edən 100-dən çox beynəlxalq layihənin icraçısıdır. Dünyanın 140 ölkəsində nümayəndəliyi olan şirkətdə 100 minə yaxın işçi çalışır. Onu da əlavə edək ki, ilin əvvəlində bu şirkətlə Azərbaycan şirkətləri arasında əməkdaşlıq barədə sənədlər imzalanıb. Çin-Azərbaycan arasındakı iqtisadi əməkdaşlığa iki gün əvvəl Çinin ölkəmizdəki səfiri xanım Qo Minin etimadnaməsini qəbul edən Prezident İlham Əliyev də toxunub. Dövlət başçısı Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezident ölkələr arasında iqtisadiyyat, sənaye, investisiya sahələrini əhatə edən 10 mühüm sənədin imzalanmasının ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmini vurğulayıb. 

Çinlə Azərbaycanın iqtisadi münasibətlərinə diqqət çəkən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bəyan edib ki, Çinlə əməkdaşlıq maksimum genişləndirilməlidir. Ekspertin sözlərinə görə, Çin dünyanın 3 fövqəldövlətindən biridir:

“Çin BMT Təhlükəsizlik Şurasının veto hüququ olan 5 daimi üzvündən biridir. Dünyanın ən güclü iqtisadiyyatına malikdir. Əbəs yerə Çini dünyanın “fabriki” adlandırmırlar. Ən yüksək texnologiyalardan tutmuş ən adi məhsullara qədər istehsal edən ölkədir. Biz bu ölkədən təkcə istehsal malları yox, istehsal avadanlıqları almaqda da maraqlı olmalıyıq. Ölkəmizdə xammal problemi yoxdur. Dünya bazarına hazır məhsullar çıxarmaq üçün sadəcə texnologiyamız çatmır. Amerika, Rusiya, Britaniya, Almaniya, Yaponiya sahib olduqları istehsal texnologiyalarını verməkdə maraqlı deyillər, Çin isə maraqlıdır. Ona görə də Çinlə iqtisadi əməkdaşlıq texnologiyaların ixracı üçün ən əlverilşi imkandır”.
 
İqtisadçının fikrincə, Çinlə birgə müəssisələr də yaratmalıyıq:

“Çin texnologiyası ilə məhsullar ucuz başa gəlir, istehsal həcmi də, keyfiyyəti də çox yaxşı olur. Beynəlxalq iqtisadi araşdırma mərkəzləri yaxın vaxtlarda Çinin iqtisadi sferada təkbaşına hegemonluğu ələ alacağını deyirlər. Bu halda bütün dünya Çindən asılı vəziyyətə düşəcək. Hələlik dünyanın yarısı Çindən asılıdır. Bir çox ölkələr var ki, Çin onlara ucuz məhsul ixracını dayandırsa, həmin ölkələr sadəcə batarlar. Hesab edirəm ki, Qərb ölkələrindən “od” qiymətinə aldığımız istənilən texnikanı və texnologiyanı Çindən çox ucuz ala bilərik. Nüfuzlu Çin şirkətlərinin məhsullarının burada istehsalını təşkil edə bilsək, onların Qərb bazarına rahat çıxışı olar və yaxşı da satılar”.

E.Bayramlı vurğulayıb ki, Böyük İpək Yolu layihəsinin müəllifi kimi Çin Avrasiyanı bir xətdə birləşdirməyə və böyük ticarət kanalları yaratmağa başlayıb:

“Burada trilyonlarla gəlirdən söhbət gedir. Ölkəmiz strateji regionda yerləşdiyindən İpək yolunun bir qanadı üzrə öz mövqeyindən yararlanaraq yaxşı gəlirlər əldə edəcək. Çinlə əməkdaşlığın həm iqtisadi, həm də siyasi dividendləri olacaq. Məhz bu baxımdan son vaxtlar Ermənistan Çinlə əməkdaşlığı gücləndirməyə cəhd edir. Çinin dünya siyasətinə təsiri getdikcə artır. Onun tam dəstəklədiyi dövlət inkişafını sürətləndirəcək və heç vaxt meydanda tək qalmayacaq. Biz Çinin regionda əsas iqtisadi tərəfdaşına çevrilə bilsək, Pekinin Ermənistanla əməkdaşlıqda marağı olmayacaq”.