“Bütün proqnozlarda neftin ucuzlaşacağı bildirilir” – EKSPERT

 
Neftin qiymətində artım müşahidə olunur. Belə ki, neftin dünya qiymətləri orta hesabla 12-13 faiz, maksimum isə 19 faizə qədər bahalaşıb. 
Bazarın açılışında "Brent" markalı neftin noyabr fyuçersləri 67,8 dollar/barrel təşkil edib və 71,62 dollara/barrel (və ya 19,1 faiz) qədər qalxıb.

Maraqlıdır, “qara qızıl”ın qiyməti hansı həddə qədər bahalaşa bilər. 



Sualımızı cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov “Sherg.az”a bildirib ki, neftin qiyməti ilə bağlı proqnozlaşdırma aparmaq kifayət qədər mürəkkəbdir.

Ekspertin sözlərinə görə, həm iqtisadi, həm də siyasi konyektur neftin qiymətinin formalaşmasına birbaşa təsir göstərir:

“Çünki neft bazarı nisbətən daha çox siyasiləşmiş bazardır. Bu günlərdə bazar demək olar ki, əsasən qlobal iqtisadi artım tempi ilə bağlı neqativ gözləntilərə, eyni zamanda ABŞ-Çin arasında ticarət savaşlarına istiqamətlənmiş bir dinamika nümayiş etdirməkdədir.

Eyni zamanda OPEK-in davranışları və ABŞ-ın neft hasilatını artırması ilə bağlı məsələlər, İran və ABŞ arasında olan konflikt prosesə təsir göstərir. Bu baxımdan indiki şərtlər daxilində neftin qiymətinin yüksəlməsi ehtimalını gözləmək optimist bir yanaşma olardı”. 

İqtisadçı qeyd edib ki, hələlik neftin qiymətində risklər yüksək səviyyədə olaraq qalmaqdadır:

“Məhz beynəlxalq təşkilatlar və beynəxalq enerji agentliyi, OPEK kimi təşkilatlar 2020-ci ildə neftin qiymətinin nisbətən azalacağı istiqamətində proqnozları ortaya qoyurlar.

Bu günlərdə açıqlanmış Azərbaycanın dövlət büdcəsinə diqqət yetirmiş olsaq, görərik ki, artıq 2020-ci il üçün fiskal sənədin hazırlanması zamanı neftin bir bareli 55 ABŞ dolları ilə götürülüb. Halbuki, bu göstərici 2019-cu ildə 60 dollar idi. Yəni, hələlik bütün proqnozlar neftin qiymətinin azalacağı istiqamətindədir.

Qənaətimə görə, indiki şərtlər daxilində qiymətlərin artımını gözləmək optimist bir məqam ola bilərdi. Təbii ki, dəyişən şərtlərin vəziyyətə təsirini nəzərə almaq lazımdır. Ola bilsin ki, ABŞ-la Çin arasında ticarət müharibəsinin növbəti raundları proqnozlaşdırılıb. Artıq bunun müsbət simptomları bazara öz təsirini göstərib.Ona görə də neftin qiyməti ilə bağlı vəziyyət dəyişkəndir”.