"Azərbaycan pambıq istehsalı ilə bağlı əvvəlki imicini özünə qayıtmaq üzrədir". Bu sözləri Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Deputat bildirib ki, ölkə başçısının şaxələndirilmiş iqtisadi siyasəti, ənənəvi sahələrin yenidən dirçəlməsini şərtləndirdi:
"Hər bir sahə üzrə dövlət proqramları qəbul olunub. O cümlədən pambıqçılığın inkişafı ilə bağlı. 2019-cu ilin yekun göstəricilərinə əsasən, ölkə üzrə istehsal olunan pambığın həcmi hər hektardan 29.4 sentnerə çatıb. Yəni, Sovet vaxtlarında da ən yüksək göstərici 3 il ərzində olmuşdu və bu, 30 sentnerdən bir az artıq idi. Son 3 il ərzində pambıq sahələrinin həcmində azalma olmasına baxmayaraq, məhsuldarlıq yuxarı səviyyəyə qalxıb. Məhsulun becərilməsi üçün səmərəli torpaqlar öyrənilir. Müasir texnologiyanın tətbiqi ilə bu sahə inkişaf edir. Cənab Prezident müşavirədə çox düzgün olaraq tapşırıqlar verdi ki, bölgə üzrə pambıq becərən fermerlərə dövlət dəstəyi artırılsın, güzəştli kreditlər verilsin. Pilot layihələrin həyata keçirilməsi, müasir texnologiyaların tətbiqi ölkə üzrə daha da genişləndirilsin”.
Deputat: “Ənənəvi sahələrin dirçəldilməsi istiqamətində aparılan dövlət siyasəti məqsədyönlüdür”
Millət vəkili qeyd edib ki, 2020-ci ildə müasir texnologiyalarla əkiləcək pambıqdan daha yüksək göstəricilər əldə ediləcək:
“Pambıq becərilən 20 rayonu ayrı-ayrılıqda ölkə başçısı təhlil edir. 7 rayonda 30 sentnerdən yuxarı, 3 rayonda isə 14 sentner məhsul əldə edilib. 14 sentner məhsul yığılan 3 rayonun icra başçısına konkret tapşırıqlar verildi. Prezident məhsuldarlığın aşağı olmasının səbəbinin araşdırılmasını və 2020-ci ildə bu rayonların yüksək nəticələr qazanması üçün tədbirlər görülməsini tapşırdı”.
A.Badamov pambıqçılığın inkişafının Azərbaycana əlavə valyuta gətirəcəyini vurğulayıb:
“Bu gün istehsal edilən pambığın 70 faizi ixrac edilir. Məqsəd isə gələcəkdə yeni fabriklərin istifadəyə verilməsi ilə istehsalın daha da artırılmasıdır. Bundan əlavə, ölkə başçısı müşavirədə digər sahələrin inkişafına da toxundu. Məsələn, baramaçılıqdan əldə edilən məhsuldarlıq 3-4 il bundan qabaq 242 kq olduğu halda, 2019-cu il üzrə göstərici 650 ton təşkil edir. Fındıq istehsalı da artaraq qeyri-neft məhsulları sırasında lider mövqedə dayanıb. Ənənəvi sahələrin dirçəldilməsi istiqamətində aparılan dövlət siyasəti məqsədyönlüdür və iqtisadiyyatın daha da inkişaf etməsini təmin edəcək”.