İlham Şaban:“Çünki "Ai- 92"-nin qiyməti Taarif Şurası tərəfindən tənzimlənir. Bu baxımdan hesab edirəm ki, bu endirim digər markaları ucuzlaşdırmayacaq”
Martın 13-də gecə saatlarında "Aİ-95" və "Aİ-98" marka benzinin qiyməti ucuzlaşıb. "Aİ-95" marka yanacağın qiyməti 1 manat 20 qəpik, "Aİ-98" markalı yancağın qiyməti isə ucuzlaşaraq 1 manat 40 qəpik olub. "Aİ-92" və Dizel yanacağının qiymətlərində dəyişiklik olmayıb. Xatırladaq ki, son qiymət dəyişikliyinədək "Aİ-95" markalı yanacağın qiyməti 1 manat 50 qəpik, "Aİ-98" markalı yanacağın qiyməti isə 1 manat 60 qəpik olub.
"Azərbaycanda "Premium Euro-95” və "Super Euro-98” markalı benzin qiymətlərinin ucuzlaşması dünya bazarlarında neft qiymətlərinin azalması ilə əlaqədardır". Bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib. Onun sözlərinə görə, həmin markalar Azərbaycanda istehsal olunmur və xaricdən idxal edilir.
Azərbaycanda istehsal olunan və geniş tələbat olduğu üçün qiymətləri Tarif Şurası tərəfindən nizamlanan Aİ-92 markalı benzin, dizel və aviasiya yanacağından fərqli olaraq "Premium Euro-95” və "Super Euro-98” benzinlərinin qiyməti neft qiymətlərinin dəyişməsindən asılıdır. Ona görə də dünya bazarlarında nefti ucuzlaşması ilə əlaqədar həmin markaların Azərbaycana tədarükü daha ucuz başa gəlir.
Benzinin ucuzlaşması ilə bağlı məsələlərə aydınlıq gətirən Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban "Sherg.az"a deyib ki, Azərbaycanda "Aİ-95" və "Aİ-98" markalı benzinə tələbat çox aşağıdır. Nadir hallarda kiminsə bu markalardan istifadə etdiyinə rast gəlmək olar:
" Ölkədə əsas tələbat "Aİ-92" markalı benzinədir. Bu marka isə yerli istehsal olduğundan qiyməti ucuzlaşmayıb. Çünki "Ai- 92"-nin qiyməti Taarif Şurası tərəfindən tənzimlənir. Bu baxımdan hesab edirəm ki, bu endirim digər markaları ucuzlaşdırmayacaq. "Aİ- 98" ilə "Aİ-95" markalı benzinlər xaricdən idxal edildiyi üçün onların qiyməti həmin ölkələrlə razılaşdırılmalıdır. Yerli bazar isə dünya bazarına bağlı deyil.
İdxal yanacaqları isə xaricdən alındığı üçün qiymət hər zaman dəyişə bilər. Bu, bizdən asılı olan məsələ deyil. Həmin növ benzini satan ölkə qiyməti təyin edir. Xüsusən də dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması və ya bahalaşmasından asılı olaraq bu markaların qiyməti dəyişir".
Azərbaycanda ən çox istifadə olunan yanacağın dizel və "A-92" növ benzin olduğunu vurğulayan ekspert hesab edir ki, ölkədə olan avtomobillərin 95 faizi bu növ yanacaqlarla işləyir: " İdxal benzini isə ölkədə istehlak edilən benzinin 4,1 faizini təşkil edir. Bizim avtomobil bazarı köhnə, istehlakçılarımız isə əsasən kasıb təbəqə olduğundan bahalı benzin almağa meylli deyillər".