Azərbaycanda doğum halları niyə azalıb ? – ƏTRAFLI İZAH 

“Doğumların azalması birmənalı olaraq iqtisadi göstəricilərlə bağlıdır”

“İnkişaf etmiş ölkələrdə əhalinin artımını stimullaşdırmaq üçün ailələrə uşaq pulu verilir”

  

Ölkəmizdə doğum halları 2 dəfə azalıb. Bu ilin mart ayında 6321 doğum dövlət qeydiyyatına alınıb. 
2020-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 11687, fevral ayında 11373 doğum dövlət qeydiyyatına alınıb.

Tarixən Azərbaycanda çoxuşaqlılıq prinsipi önəmli rol oynasa da, son illər bu amil yavaş-yavaş sıradan çıxmağa başlayıb.  Demoqrafların əksəriyyəti bunu iqtisadi amillərlə əlaqələndirirlər. 

İqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az”a açıqlamasında bildirib ki, doğum statistikasına iki prizmadan yanaşmaq lazımdır.  İqtisadçının sözlərinə görə, elə ölkələr var ki, çoxuşaqlılıq prinsipindən kənarda qalıb:

“Amma bəzi ölkələrdə çoxuşaqlılıq əsas mentalitetlərdən biri sayılır. İqtisadi baxımdan bir çox inkişaf etmiş ölkədə, həmçinin Skandinaviya ölkələrində əhalinin artımı ləng getməsin deyə ölkə stimullaşdırıcı tədbirlər görür. Uşaq pulu anlayışı belə ölkələrdən çıxıb. Ölkəmizdəki ekspertlər bu barədə fikrini izah edəndə əhali çox aqressiv yanaşır. İnkişaf etmiş ölkələrdə əhalinin artımını stimullaşdırmaq üçün ailələrə uşaq pulu verilir.



Müəyyən maliyyə ayırırlar ki, ailədə uşaq dünyaya gəlsin və  demoqrafik olaraq əhalinin sayında azalma baş verməsin. Ölkəmizdə də bu tələb olunurdu. Hətta bir neçə dəfə fikir bildirdik ki, əhalinin maaşları, müavinətləri və təqaüdləri elə səviyyədə olsun ki, vətəndaş olaraq abırımıza qısılıb uşaq pulu adını çəkməyək. Gərək vətəndaşın kifayət qədər gəliri olsun ki, özünü təmin edə bilsin.

Bu nöqteyi nəzərdən “uşaq pulu” anlayışı iqtisadi cəhətdən inkişaf etmiş Qərb ölkələrində mövcud idi. Bu gün Azərbaycan çoxuşaqlılıq prinsipinə daha çox önəm verən ölkələrdən biridir. Tarixən Azərbaycan ailələrində orta hesabla 2-3 uşaq təbii hal olub. Ölkəmizdə bir uşaq və yaxud uşağın olmaması dəbdə olmayan məsələdir. Yəni ailə varsa, sağlamdırsa və dağılmırsa orada 2-3 uşağın olması normal haldır.

Amma son dövrlərdə müəyyən iqtisadi durumlar uşaqların sayına təsir etdi. Doğumların azalması birmənalı olaraq iqtisadi göstəricilərlə bağlıdır. Məşğulluğun azalması, sığorta paketlərinin olmaması, gənc ailələrin evlə təmin olunmasında müəyyən baryerlərin olması makroiqtisadi cəhətdən ailələrdə doğumun azalması üçün əsas səbəblərdir”.