“Bu sənəd həmin vətəndaşların sosial təminatını gücləndirməklə yanaşı, dövlətin qayğısını bir daha nümayiş etdirir”
Prezident İlham Əliyevin 2020-ci il 14 aprel tarixli “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamı ilə 2 min nəfər sosial xidmət işçisinin aylıq vəzifə maaşının bir misli miqdarında əlavə müəyyən edilib.
Yeni sərəncam xüsusi karantin rejimi dövründə vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət edən şəxslərə, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin ifadəsidir. Sərəncam Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbələrindəki 1400 və Fondun tabeliyindəki sosial xidmət müəssisələrində çalışan 600 nəfəri, ümumilikdə, isə 2 min sosial xidmət işçisini əhatə edir.
Sərəncamı dəyərləndirən millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov “Sherg.az”a bildirib ki, cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilən tədbirlər koronavirus pandemiyasının vətəndaşlarımıza təsirlərinin minimumlaşdırılması məqsədi daşıyır:
“Həm sahibkarlıq subyektlərinə, həm muzdlu işləyən, eyni zamanda işsiz vətəndaşlarımıza koronavirusun təsirlərinin minimumlaşdırılması ilə bağlı bir sıra tədbirlər artıq həyata keçirilib. Bəzi tədbirlərin isə mərhələli şəkildə reallaşması nəzərdə tutulur. Bu baxımdan sosial xidmət göstərən vətəndaşlarımızın əmək haqlarının 1 vahid artırılması ilə bağlı ölkə başçısının imzaladığı sənəd birmənalı şəkildə həmin vətəndaşların sosial müdafiəsi üçün xüsusi diqqət kimi qiymətləndirilməlidir. Koronavirus dövründə yaşı 65 çox olan vətəndaşlara xüsusi xidmətin göstərilməsinə ehtiyac var idi. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işçilər cəlb edilmişdi. Bu, əslində imkan verəcək ki, sosial xidmətə cəlb edilən vətəndaşların əldə etdiyi maaş məbləği 2 dəfə artırılsın, yəni 1 vahid əlavə olunsun. Bu da onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək. Yeni sərəncam həmin şəxslərə dövlətin diqqət və qayğısıdır. Cənab Prezident tərəfindən imzalanmış bu sənəd həmin vətəndaşların sosial təminatını gücləndirməklə yanaşı, dövlətin qayğısını bir daha nümayiş etdirir.