“Cənab İlham Əliyevin siyasətinin əsasında vətəndaş faktoru və sosial təminat reallıqları dayanır”
Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan video-konfrans müşavirədə bir sıra nühüm amilləri diqqətə çatdırdı. Vurğulanan fikirlər bir daha əmin etdi ki, Azərbaycan dövləti daim xalqın yanında olmaqla yanaşı, həm də ölkənin sosial-iqtisadi inkişafı hər zaman iqtidar üçün mühüm strateji maraq dairəsindədir”.
Bu fikirləri "Sherg.az"a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev müşavirəni şərh edərkən deyib.
Onun sözlərinə görə, ölkə başçısı Azərbaycanda islahatların davam etdirilməsinin müsbət nəticələrə gətirib çıxardığını bildirib:
"Prezident həmçinin iqtisadi və sosial göstəricilərimizin müsbət dinamika ilə artdığını vurğulamaqla yanaşı, həm də sosial layihələrin dayandırılmayacağını, ilin sonuna qədər həyata keçiriləcəyini diqqətə çatdırıb. Bu kimi davamlı tendensiya eyni zamanda belə qənaətə gəlməyə zəmin yaradır ki, cənab İlham Əliyevin siyasətinin əsasında vətəndaş faktoru və sosial təminat reallıqları dayanır. Yəni vətəndaşın sosial və s. maraqlarının təminatı hakimiyyət üçün bir nömrəli vəzifədir. Əbəs deyil ki, dövlət başçımız tərəfindən qəbul edilən sosial xarakterli qərarlar ardıcıllığı ilə seçilməkdədir.
Həmçinin, ölkə başçısı tərəfindən aparılan uğurlu xarici və daxili siyasətin nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır. Habelə, bütün sahələrin, o cümlədən iqtisadiyyatın təməlində Azərbaycan dövlətinin və xalqının milli maraqlarının hər zaman üstün tutulduğu bir daha sübut olunmaqdadır.
Siyasi ekspert əlavə edib ki, hələ koronavirus pandemiyası dünyanı bürüməmiş, yəni bu təhlükə mövcud olmayanda Prezident İlham Əliyevin təşəbbüsü ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, sahibkarlığın inkişafına şərait yaradılması kimi addımlar atıldı:
"Məhz bu çətin günlərdə həmin qərarlar öz sözünü uğurla deməkdədir. Ümumiyyətlə, görülən önləyici tədbirlər, o cümlədən sosial layihələrin reallaşdırılması kimi əhəmiyyətli məqamların sırasında bu reallıq da mövcuddur. Daha dəqiq desək, cənab Prezident tərəfindən əvvəlcədən düzgün istiqamətdə atılmış addımlar, görülmüş qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində Azərbaycan vəziyyəti nəzarət altında saxlamağı bacardı. Düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejim mərhələli yollarla sərtləşdirildi. Nəticədə bu gün xəstələrin sayı aşağı səviyyəyə doğru enməkdədir. Bu reallıq bir daha sübut edir ki, Azərbaycan dövləti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır”.
Baş redaktor video-konfrans şəklində reallaşdırılmış müşavirədə irəli sürülən digər məsələlərə də toxunub:
"Aparıcı beynəlxalq maliyyə qurumlarının məlumatına görə, pandemiyanın ölkələrin iqtisadiyyatına vurduğu mənfi təsirin aradan qaldırılması məqsədilə Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciətlər edilib. Lakin əvvəlcədən atılmış düşünülmüş addımlar nəticəsində ölkəmizin adı yardım almaq üçün müraciət edən ölkələrin siyahıda yoxdur. Bu, Azərbaycanın regional gücdən beynəlxalq gücə çevrilməsinin bariz sübutudur. Hətta ölkəmiz koronavirusdan ağır əziyyətlər çəkən dövlətlərə müxtəlif yardımlar etməkdədir. Azərbaycan xalqının sağlamlığının mühafizəsinə gəlincə isə, deyə bilərəm ki, görülən tədbirlərdən ən başlıcası karantin rejimində əhalinin maddi vəziyyətinin təmin edilməsi, maddi imkanları məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanılması olub Belə bir mühüm uğur hər ölkəyə və xalqa nəsib olmur. Bu, uğurlu siyasi strategiyanın bariz və məntiqi nəticəsidir”.