"İctimaiyyət ərzaq təhlükəsizliyi, maliyyə-bank sektorunun və milli valyutanın məzənnəsinin sabit vəziyyəti haqqında atılmış addımlar haqqında məlumatlandırıldı"
Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfrans şəklində keçirilmiş müşavirədə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlara xüsusi yer verildi.
Əlbəttə ki, dünyada olduğu kimi Azərbaycanda da yeni koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri sosial yönümlü proqramlara üstünlük verilməsini labüd edir. Azərbaycan hökuməti isə hər zaman sosial yönümlü layihələrə önəm verib. Prezidentin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda da bəyan etdiyi kimi, ilin əvvəlindən başlayaraq Azərbaycanda islahatlar davam etdirilib, yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial sahədə müsbət göstəricilər əldə olunub. 2020-ci ilin birinci rübündə ölkəmizin makroiqtisadi göstəricilərində müsbət dinamika qeydə alınıb.
Müşavirədə səslənən fikirlər barədə “Sherg.az”a danışan iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, Azərbaycan hökuməti koronavirus pandemiyası ilə mübarizə apardığı indiki zamanda da sosial layihələrdən imtina etmir, əksinə əhalinin gəlirlərinin azalmaması, aztəminatlı ailələrin ehtiyaclarının ödənməsi məqsədilə hər cür riski gözə alaraq sosial paketlər təqdim edir:
- Prezidentin keçirdiyi müşavirə ilk növbədə elektron formatda olması ilə diqqəti cəlb etdi. Daha sonra cənab Prezident Respublikamızda ilin əvvəlindən, 1-ci rüb ərzində iqtisadi göstəricilər haqqında geniş məlumat verdi. Prezident çıxışında, 2020-ci ili uğurla başlamağımıza baxmayaraq, dünyanı bürüyən yeni koronavirus pandemiyasının bütün dünya iqtisadiyyatına mənfi təsir göstərməklə yanaşı Azərbaycan iqtisadiyyatından da yan keçmədiyini vurğuladı. Lakin hökumətin maksimal operativ reaksiyası nəticəsində daha böyük itkilərin qarşısı vaxtında alınır. Müşavirədə həm də makroiqtisadi tarazlığın maksimal qorunması istiqamətində Mərkəzi Bank, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ümumi iqtisadi vəziyyətin dinamikasına mənfi təsir göstərə biləcək qlobal təhlükələrin qarşısını maksimal almaq istiqamətində görülmüş və görüləcək işlər haqda geniş məlumat verildi. İctimaiyyət ərzaq təhlükəsizliyi, maliyyə-bank sektorunun və milli valyutanın məzənnəsinin sabit vəziyyəti haqqında atılmış addımlar haqqında məlumatlandırıldı. Bundan sonra koronavirus pandemiyasının təsiri nəticəsində Azərbaycan vətəndaşlarının iş yerlərinin itirilməsi və ümumiyyətlə həssas təbəqəyə verilən və veriləcək muavinətlər haqda məlumat verildi.
İqtisadçı qeyd etdi ki, ən vacib məqamlardan biri cari ilin büdcəsində vacib hesab olunmayan xərclərin təxirə salınması fonunda sosial layıhələrin icrasında heç bir dəyişiklik və ixtisarların olmaması haqda qərar qəbul edilməsidir. Bu da onu göstərir ki, Azərbaycan dövləti və şəxsən Prezident üçün əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, iqtisadi siyasətin sosial yönümlü olması əsas prioritetdir. Bunu cənab prezident xüsusi vurğuladı. Zatən biz, karantin qaydaları tətbiq olunandan indiyədək hökumətin bu istiqamətdə çalışdığını, ahıl, yaşlı insanlara sosial yardım paketləri hzırlandığını və icraya yönəldildiyini görürük. İndiyədək neçə min işsizə birdəfəlik sosial ödəmələr verilib və proses bu gün də davam edir. Sosial xidmət sahəsində çalışanların əmək haqlarının artırılması da bu prosesin bir hissəsidir. Azərbaycan dövləti üçün əsas məqsəd əhalinin sosial rifah halının yüksəlməsi, insanlarımızın, xüsusilə bu karantin günlərində çətinlik çəkməməsidir.
Məlahət Rzayeva