“İxrac etməsək, yerli bazarda məhsul bol olacaq. Əks halda isə iqtisadiyyatımızın inkişafı üçün xarici divident gələcək"
Koronavirus pandemiyası özü ilə birlikdə bir çox problemlər, çətinliklər gətirdi. Artıq ölkədə ərzaq məhsullarının bahalaşması müşahidə olunur. Bu, onsuz da maddi vəziyyətləri ürəkaçan olmayan vətəndaşların durumunu daha da ağırlaşdırır. Səbr etməyinə edək. Amma nə vaxta kimi?
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bahalaşmanın obyektiv və subyektiv səbəbləri olduğunu dedi:
"Obyektiv səbəb koronavirus pandemiyasının doğurduğu amillər, o cümlədən sərhədlərin bağlanması, ərzaq məhsullarına olan tələbatdır. İndi dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda kafe və restoranlar bağlanıb. Ona görə də insanlar mağazalara, marketlərə daha çox üz tuturlar. Həm də əhalidə bir qıtlıq panikası var. İqtisadiyyatın da qızıl qaydası budur ki, tələbat artdıqca qiymət qalxır. Subyektiv səbəblər isə bazarda "oyunçu"ların sayının az olmasıdır. Rəqabət yoxdur. Əgər rəqabət olsa, qiymətlər qalxmaz. Çünki rəqabət mexanizmi qiymətin stabilləşdirilməsi üçün bütün inzibati üsullardan daha effektivdir".
Ekspertin sözlərinə görə, panikaya ehtiyac yoxdur:
"Niyə narahatlıq yaranmalıdır ki? Hələlik bu, gərəksizdir. Çünki bazara yeni məhsullar çıxacaq. Və biz onları ixrac da edə bilərik. Əgər ixrac etməsək, yerli bazarda məhsul çox olacaq. Əks halda isə iqtisadiyyatımızın inkişafı üçün xarici divident gələcək".