Maşın bazarında SON VƏZİYYƏT – UCUZLAŞIR ? 

“Qiymətlər ucuzlaşa  bilər. Çünki insanların maddi vəziyyəti əvvəlki kimi deyil”



Koronavirus pandemiyası beynəlxalq aləmdə, o cümlədən Azərbaycanda qiymət artımına təsir göstərib.  Ərzaq məhsullarının "əl yandıran" qiymətləri göz qabağındadır. Bəs ərzaq məhsullarından başqa nələrin qiyməti bahalaşa bilər? 

  Nəqliyyat eksperti Ərşad Hüseynov "Sherg.az"a açıqlamasında bahalaşma tendensiyasının avtomobillərin qiymətinə təsir etməyəcəyini deyib:

 "Ərzaq məhsulları bahalaşa bilər. Çünki çörəyə, yağa, pendirə həmişə tələbat var. Amma avtomobilə tələbat o qədər də ciddi deyil. Hər halda, vətəndaş maşınsız da yaşaya bilər. Ona görə düşünürəm ki, tələbat az olduğu üçün bu il qiymətlər bahalaşmayacaq. Hətta avtomobil istehsalına da zərər dəyməsinə baxmayaraq, bəlkə, qiymətlər ucuzlaşa  bilər. Çünki insanların maddi vəziyyəti əvvəlki kimi deyil. Əgər insanların maliyyə durumları əvvəlki kimi olsaydı, qiymətlər bahalaşa bilərdi. İndiki şərtlər daxilində isə bu haqda söhbət gedə bilməz".

 Ə. Hüseynov onu da əlavə edib ki, koronavirus pandemiyası avtomobillərin onlayn qaydada satışına da müsbət təsir edəcək:

 "Düzdür, onlayn satış əvvəllər də var idi. Amma indi daha kütləvi xarakter alacaq. Çünki avtosalonlar fəaliyyətini dayandırıb. Sərhədlər bağlanıb. Təcili avtomobil almaq istəyənlər ancaq onlayn üsuldan istifadə etməlidirlər. Bu zaman çox diqqətli olmaq lazımdır. Mötəbər, tanınmış partnyorlara üstünlük vermək, xüsusilə ikinci əl maşın alarkən mütəxəssis rəyini öyrənmək zəruridir".