“Əhalinin məşğulluğunun təmin olunması prioritet vəzifədir”

“Koronavirus pandemiyası müdaxilə etməsəydi, uğurlarımız daha da böyük həcmli olardı”




“Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda mühüm məqamlara toxundu. Ölkə başçısı bildirdi ki, güclü iqtisadi imkanlarımız olmasa, sosial siyasətimizi uğurla apara bilməyəcəyik”. 

Bu barədə “Sherg.az”a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Baş redaktorun sözlərinə görə, cənab Prezidentin bu fikirləri Azərbaycanın malik olduğu möhkəm iqtisadi bazaya əsaslanır:

“İslahatların zamanın, dövrün tələblərinə uyğun təkmilləşməsi, neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı hər bir ölkənin inkişafında vacib amil olan iqtisadiyyatın dayanıqlılığının təminatında əhəmiyyətli rol oynayır. Necə ki, koronavirus pandemiyasının törətdiyi fəsadların aradan qaldırılması dünya ölkələrinin iqtisadi və sosial imkanlarının təqdimatı oldu. Bu dəhşətli virus vəziyyətdən uğurla çıxmaq üçün ölkələrin təcrübəsinin bir daha nəzərdən keçirilməsini aktuallaşdırdı”.



V.Rəhimzadə bildirib ki, ölkəmiz bu ilin ötən 3 ayında vətəndaşlarını koronavirus bəlasından qorumaqla yanaşı, iqtisadi inkişaf sahəsində də böyük uğurlara nail olub:

“Yanvar-fevral aylarında ümumi daxili məhsul 3 faizə yaxın artıb. Qeyri -neft sektorunda artım 7 faizə yaxın, qeyri-neft sənaye sektorunda 23 faizdir. İnflyasiya 3 faiz səviyyəsindədir. Əhalinin gəlirləri 7 faizə yaxındır. Orta aylıq əməkhaqqı 28 faiz, orta pensiya 27 faiz artıb. Ölkəmizdə orta  aylıq əməkhaqqı 712 manat, orta pensiya 295 manat, yaşa görə pensiya isə 330 manata yaxındır. Bir sözlə, ölkəmiz 2020-ci ilə uğurla başlayıb, islahatların davam etdirilməsi mühüm nəticələrə gətirib çıxarıb. Əlbəttə, koronavirus pandemiyası müdaxilə etməsəydi, uğurlarımız daha da böyük həcmli olardı. Ancaq əminəm ki, bu ağır vəziyyətdən də  çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək”.
 
Baş redkator qeyd edib ki, cənab prezident koronavirusa qarşı mübarizə tədbirlərinə başlandığı ilk gündən iş yerlərinin azaldılmamasını, sahibkarlara dövlət dəstəyinin göstərilməsini, işsiz, həmçinin  xüsusi  karantin rejimi ilə əlaqədar müvəqqəti işsiz qalan insanlara maddi yardımın göstərilməsini mühüm tələb kimi qarşıya qoydu:

“Məhz ölkə başçısının müvafiq gösrərişlərinə uyğun olaraq koronavirus pandemiyasından zərər çəkmiş sahibkarların gündəlik qayğıları diqqət mərkəzində saxlanılmaqla onlara  dövlət tərəfindən maliyyə dəstəyi göstərilməkdədir. Bu çətin günlərdə əhalinin məşğulluğunun təmin olunması da prioritet vəzifələr sırasındadır.  2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub.  Bu məqsədlə İşsizlikdən Sığorta Fondundan 70 milyon manat vəsait ayrılıb. Həmçinin proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi  ilə əməkdaşlıq edilir. Bu baxımdan  beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən ölkəmizin Dünya Bankı ilə birgə reallaşdırılması nəzərdə tutulan layihəsi də təqdirəlayiq addım hesab edilməlidir.  Həmin layihə əsasında 5 min ailənin özünüməşğulluğu təmin ediləcək, həmçinin BMT-nin İnkişaf  Proqramı ilə birgə əlilliyi olan 500 nəfər vətəndaşımızın biznesə çıxışına dəstək veriləcək”.