“Dövlətin atdığı addımlar müsbətdir, lakin...” - Deputat

“Neftin qiymətinin aşağı düşməsi müəyyən problemlər yarada bilər. Ona görə də bütün məqamlara hazır olmalıyıq”


“Pandemiya başlanandan bu günə qədər ölkə başçısı tərəfindən ciddi tədbirlər həyata keçirilir. Əvvəlcə 2.5 milyard vəsait nəzərdə tutulmuşdusa, artıq bu vəsait 3.5 milyarda qaldırıldı. Eyni zamanda 200 min əhalininin yerinə 600 min vətəndaşa birdəfəlik ödəmənin verilməsi nəzərdə tutuldu”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Deputatın sözlərinə görə, hazırkı durumda cənab Prezidentin iş adamlarına, sahibarlara müraciəti geniş vüsət alıb:

“Millət vəkilləri, sahibkarlar və digərləri kifayət qədər əhaliyə yardım etmək istəyirlər ki, problem yaranmasın. Əsas məsələ ayrılan vəsaitin ünvanına düzgün çatdırılması, şəffaflığın təmin olunmasıdır. Bununla əlaqədar xüsusi komissiya da yaradılıb. Hesab edirəm ki, proses belə davam etsə, hələlik bu vəsait kifayət qədərdir. Amma karantin müddəti uzanarsa, əlavə vəsait lazım ola bilər.

Bir neçə dəfə təklif etmişəm ki, karantini yumuşaltmağın vaxtı gəlib çatıb. Çünki elə vətəndaşlar var ki, onlar mütləq işləməlidir. Lakin iş yerilərində qorunma məsələlərinə ciddi riayət etmək lazımdır ki, koronavirusa əlavə yoluxanlar olmasın. Ümumilikdə isə dövlət tərəfindən atılan addımlar müsbətdir. Düzdür bir az gecikmələr baş verdi, gərək zamanında işsiz əhalinin siyahısı hazırlanardı. Neftin qiymətinin aşağı düşməsi gələcəkdə müəyyən problemlər yarada bilər. Ona görə də bütün məqamlara hazır olmalıyıq”.