“Bu gün böyük fəxr hissi ilə qeyd etdiyimiz uğurlarımızdan biri məhz qeyri-neft sektoruna investisiya yatırımının həcminin ilbəil artmasıdır”
“İqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan cənab Prezident İlham Əliyev regionların malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramlarının icrasını daim diqqətdə saxlayır”.
Bu fikirləri “Sherg.az”a Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.
Baş redaktor bildirib ki, dövlət başçısı qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi vurğulayır:
“Bu baxımdan son illərdə respublikamızda enerji sektorunun müasirləşdirilməsi və inkişafı istiqamətində görülən işlər miqyası və əhəmiyyəti ilə seçilir. “Azərenerji” ASC-nin yenidən qurulan baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışındakı nitqində dövlətimizin energetika sahəsinə çox böyük əhəmiyyət verdiyini önə çəkən Prezident İlham Əliyev bu rəqəmi də açıqladı ki, son 16 il ərzində bütövlükdə ölkəmizdə 30-dan çox yeni stansiya tikilib. Bu stansiyalar tikilməsəydi, hazırda Azərbaycan idxaldan bəlkə də 5 qat, 10 qat daha çox asılı olacaqdı”.
V.Rəhimzadə vurğlayıb ki, enerji təminatı hər bir ölkə üçün strateji sahədir:
“Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafında su, qaz, enerji təminatının əsas rol oynadığı inkar edilməzdir. Ölkəmizdə əhalinin və sənaye potensialının artımı bu amili zərurət çevirir ki, energetika sahəsi daim diqqət mərkəzində olsun. Ölkə başçısı açılış mərasimində söylədi ki, Azərbaycan mövcud olan sabitlik, əmin-amanlıq, iqtisadi inkişaf, sənaye potensialımızın artması, eyni zamanda, qonşu ölkələrlə enerji xətlərinin təmin edilməsi ona gətirib çıxarıb ki, xarici investorlar artıq bu sahəyə böyük maraq göstərirlər. Azərbaycanın hər sahədə qazandığı uğurlar beynəlxalq maliyyə qurumlarının hesabatlarında mövqeyini möhkəmləndirməsində əhəmiyyətli rol oynayır. Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında daim liderliyini qoruyan Azərbaycanın enerji sahəsində də reytinqi diqqətçəkəndir. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Forumu Azərbaycanı MDB məkanında birinci yerə layiq görüb. Dünya miqyasında isə ikinci yerdəyik. Azərbaycan bu göstəriciyə görə ən inkişaf etmiş ölkələri qabaqlayıb”.
V.Rəhimzadə vurğulayıb ki, günümüzün əsas çağırışlarından olan yeni iş yerlərinin yaradılması, ilk növbədə, infrastrukturun yüksək səviyyədə qurulmasını tələb edir:
“Özünüməşğulluğun təminatı, kiçik və orta sahibkarlığın inkişafı məqsədilə ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi, ABAD mərkəzlərinin sayının genişləndirilməsi və fəaliyyətlərinin yüksək səviyyədə qurulması infrastrukturun yenilənməsini daim aktuallaşdırır. Təsadüfi deyil ki, bu gün paytaxt və bölgələr arasında fərq tamamilə aradan qaldırılır. Bu gün böyük fəxr hissi ilə qeyd etdiyimiz uğurlarımızdan biri məhz qeyri-neft sektoruna investisiya yatırımının həcminin ilbəil artmasıdır. Ölkə əhalisi günümüzün əsas tələbatlarından olan enerji təminatından razılıqlarını ifadə edir. Azərbaycan çox müasir enerji sisteminə malikdir”.