Karantin rejimi ilə əlaqədar rayonlardan paytaxta gediş - gəlişə məhdudiyyətlər qoyulub. Bunun ən ciddi fəsadlardan biri isə ticarət əlaqələrinin dayanmasıdır. Belə ki, rayonlarda yetişdirilən müxtəlif kənd təsərrüfatı məhsullarını satış üçün Bakıya gətirməkdə müəyyən çətinliklər var.
Problemi "Sherg.az"a təhlil edən iqtisadçı ekspert Pərviz Heydərov düşünür ki, müvafiq qurumlar məsələyə həssas yanaşmalıdırlar: "Koronavirus pandemiyası iqtisadiyyatın bütün sahələrinə, o cümlədən də kənd təsərrüfatına zərbə vurdu, durğunluq yaratdı. Təkcə ölkələrarası yox, həm də daxili ticarət dayandı. İstehsal- satış zəncirində əlaqələr kəsildi. Bu, çox ciddi problemdir. Fikrimcə, daşınma sahəsindəki çətinlikləri aradan qaldırmaq və məhsuların anbarda saxlanmasını təmin etmək hazırkı dövrdə yerli icra strukturlarının ən əsas vəzifəsi olmalıdır. Əks halda narahatlıq getdikcə artacaq. Nəzərə almaq lazımdır ki, yay fəsli yaxınlaşdıqca kənd təsərrüfatı məhsullarına tələbat artır. Əgər hökumət bir tədbir görməsə, iqtisadi fəallıq bərpa olunduqdan sonra vətəndaşlar əziyyət çəkəcək. Qiymətlərin bahalaşmasını isə indidən təxmin etmək mümkündür"
Ekspert, həmçinin bildirib ki, bu hadisə kənd təsərrüfatı ilə məşğul olanlar üçün də gözlənilməz idi. "Onlar kənd təsərrüfatı məhsullarını həvəslə əkib- becərmişdilər ki, yayda satsınlar. Bəlkə də, bilsə idilər, bu qədər məhsul istehsal etməzdilər. İndi yeganə çıxış yolu yerli icra strukturlarının dəstəyidir".